`Bir qədər çətinliklər var idi` - Tale Heydərovla müsahibə

`Bir qədər çətinliklər var idi` - Tale Heydərovla müsahibə
  29 May 2015    Oxunub:2470
`Hədəfimiz bacardıqca maksimum irəli getməkdir`
AzVision.az “Qəbələ”nin prezidenti Tale Heydərov “Bakı” ilə oyundan sonra Futbolxeber.az saytına verdiyi müsahibəni təqdim edir:

- “Qəbələ” ardıcıl ikinci mövsüm ölkə çempionatında bürünc medallara sahib çıxdı. İlk öncə təəssüratlarınızı öyrənmək istərdik.

- Komanda üçün minimum nəticə üçüncü yeri tutmaq idi. Bu da əldə olundu. Bürünc medala sahib çıxmağımız sevindirici haldır.

- Növbəti mövsüm “Qəbələ”nin hədəfi nə olacaq?

- Bu il üçüncü olduq. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq. Komandanın qarşısına da bu məqsəd qoyulub. Yeni məşqçi, yeni heyətlə istəyimizə çatacağımıza inanıram.

- Baş məşqçi Roman Qriqorçukun fəaliyyəti sizi qane edir?

- Qriqorçukun işi məni qane edir. İlk oyunlarda bir qədər çətinliklər var idi. Uğurlu olmamışdı. Amma sona yaxın komanda yaxşı təsir bağışladı. Məğlubiyyətsiz oyunlar seriyası əldə etdik. Bu nəticə klub tarixi üçün rekord göstəricidir.

- Komandanın qazandığı nəticə məlumdur. Bəs, sərgilənən oyun ürəyinizcədir?

- Hazırkı durumdan çox razıyam. İndi “Qəbələ” həmişə istədiyim oyunu sərgiləyir.

- Qarşıdan Avroliqa gəlir. Qitə kuboklarında komandanın qarşısına hansı hədəf qoyulub?

- İnanıram ki, bu dəfə ötənilki kimi olmayacaq. Hədəfimiz bacardıqca maksimum irəli getməkdir.

- Heyətdə hansı dəyişikliklər olacaq?

- Bir neçə yeni oyunçunun komandaya götürüləməsi üzərində iş gedir. Bəzi futbolçularla da sağollaşacağıq. Yeni heyətlə bu il Avroliqada inamlı çıxış edəcəyimizi düşünürəm.

- “Qəbələ” üçün daha böyük stadionun inşası planı qüvvədə qalıb, yoxsa hazırkı arena ilə kifayətlənəcəksiniz?

- Bütün dünyada olduğu kimi, Azərbaycan futbolunda da infrastruktur inkişaf edir. Tələbat olanda arenanın tutumu da artıq. Daha böyük stadionlar inşa olunur. Yeni, daha böyük azarkeş tutumuna malik stadiona ehtiyac olduqda, qərar verəcəyik. İndiki halda bu stadion bizi qane edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti