Heydər Əliyev Fondu mükafat aldı -FOTOLAR

Heydər Əliyev Fondu mükafat aldı -FOTOLAR
  29 May 2015    Oxunub:1857
Heydər Əliyev Fondu Rumıniyada əlillərlə iş üzrə yüksək səviyyəli fəaliyyətinə görə, “Mükəmməllik diplomu” ilə təltif edilib.
Fonddan AzVision.az-a verilən məlumata görə, Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyi yanında Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsi tərəfindən verilən bu mükafat Buxarestdə “Kraliça Elizabeta” Liseyinin təşkilatçılığı və Fondun dəstəyi ilə keçirilən 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunan tədbir zamanı təqdim edilib.

Kor və görmə qabiliyyəti zəif olan şagirdlərin təhsil aldıqları “Kraliça Elizabeta” Liseyində keçirilən tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Buxarest məktəbləri inspektorluğunun rəhbər heyəti, Rumıniyanın Əmək, Ailə, Sosial Müdafiə və Yaşlıların Müdafiəsi Nazirliyinin əməkdaşları, əlil şagirdlər və onların valideynləri iştirak ediblər.

Rumıniya Əlillərin Müdafiəsi Milli Komitəsinin prezidenti Mihaela Ungureanu çıxış edərək Heydər Əliyev Fondunun Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətini yüksək dəyərləndirib. O bildirib ki, Fondun əlillərlə apardığı iş, ehtiyacı olanların yanında olması həm də iki dövlət və xalq arasında dostluq münasibətlərinin təzahürüdür.

Mihaela Ungureanu Heydər Əliyev Fondu və Əlillərin Müdafiəsi Milli Komitəsinin gələcəkdə bir sıra layihələr həyata keçirəcəyini deyib və Fondun prezidenti Mehriban Əliyevaya Rumıniyada aparılan xeyriyyəçilik fəaliyyətinə görə dərin təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev təltifə görə minnətdarlıq edib, Fondun Rumıniyada 8 illik fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Fondu Rumıniyada əlillərin müdafiəsi üzrə ixtisaslaşmış hökumət və qeyri-hökumət təşkilatları ilə bundan sonra da sıx əməkdaşlıq çərçivəsində dostluq münasibətlərinin möhkəmlənməsi işində fəaliyyətini davam edəcək.

Tədbir lisey şagirdlərinin hazırladığı bədii proqramla davam edib.

Sonda kor və görmə qabiliyyəti zəif olan şagirdlərə Heydər Əliyev Fondu tərəfindən xüsusi səsli proqramla işləyən kompyuterlər hədiyyə olunub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti