Nazir oğlu fəxri konsul təyin edildi

  30 May 2015    Oxunub : 3777
Nazir oğlu fəxri konsul təyin edildi
Azərbaycanın ən böyük şirkətlər qruplarından biri olan “Garant Holding”in təsisçisi, Azərbaycan Qolf Federasiyasının təsisçisi və prezidenti, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində böyük işlər həyata keçirən Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov Makedoniya Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Makedoniya xarici işlər naziri Nikola Poposkinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova göndərdiyi məktubda bildirilir.

Nikola Poposki qeyd edir ki, A.Məmmədovun ölkəsinin Azərbaycandakı fəxri konsulu təyin edilməsi iki dövlət arasında iqtisadi, ictimai, mədəni əlaqələrin daha yüksək səviyyədə inkişafında mühüm rol oynayacaq.

“Bu məktubla cənab Anar Məmmədov fəxri konsul təyin edilir. Bu funksiyanın yerinə yetirilməsi və Azərbaycanla Makedoniya arasında mövcud əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün mən sizdən Anar Məmmədovun Makedoniyanın Azərbaycandakı fəxri konsulu səlahiyyətlərini yerinə yetirməsi üçün şərait yaratmağı, ona dəstək və yardım göstərməyi, həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Azərbaycan ərazisində bütün imtiyazları təqdim etməyi xahiş edirəm”, - deyə, Nikola Poposki Elmar Məmmədyarova ünvanladığı məktubda bildirib.

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.

AzVision.az

Teqlər: