`Bəzi məmurların başını əzmək lazımdır` - MÜSAHİBƏ

`Bəzi məmurların başını əzmək lazımdır` - MÜSAHİBƏ
  31 May 2015    Oxunub:5412
AzVision.az Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin aktual.az-a müsahibəsini təqdim edir.

- Yəqin razılaşarsınız ki, son aylar ölkədə yetərincə ictimai-siyasi aktivlik hiss olunur...


- Təbii. Dediyiniz kimidir. Amma bütün bu aktivlik əsasən subyektiv və obyektiv amillərlə, səbəblərlə bağlıdır. Nəzərə alın ki, qarşıdan Avropa Oyunları və Parlament seçkiləri kimi çox önəmli marafonlar gəlir. Həm də ard-arda. Belə olan təqdirdə isə başqa bir təzahürat gözləməyin özü absurd olardı.

- Demək ki, bu aktivlik hələ artan dinamika üzrə irəliləyəcək.

- Güman edirəm ki, bəli. İrəliləyəcək. Ta Parlament seçkiləri bitənə qədər.

- Amma Avropa Oyunları ilə bağlı əks qütbdə dayanıb, dövlətdən, siyasi iqtidardan daha fərqli mövqe nümayiş etdirənlər də var. Əsaslandırma isə budur ki, mövcud durumda Avropa Oyunlarını keçirməyə lüzum yox idi.

- Tamamilə yalnış düşüncə tərzidir. Ən azından mənim şəxsi qənaətimə görə. Amma tam da normal qəbul edirəm bunu. Niyə? Çünki hamı bizim kimi, siyasi iqtidar təmsilçisi kimi düşünmək məcburiyyətində deyil. Sadəcə məsələ burasındadır ki, bu fikri önə çəkənlər öz arqumentlərini, yetkin mülahizələri də ortalığa qoymalı idilər. Eynən biz qoyduğumuz kimi. Əsaslandırmalı, sübut, izah etməli idilər ki, mövcud durumda Avropa Oyunlarını keçirməyə niyə ehtiyac yoxdur? Əvvəla bu oyunlar ilk öncə Azərbaycanın ən yüksək pillələrdə, üst qatlarda piarıdır. Eyni zamanda gələcək üçün iri həcmli investisiyalar, ölkəyə turist axını vədidir. Üstəlik, bölgədəki nüfuzumuzdur, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ mövzusunu beynəlxalq arenada növbəti dəfə, daha ciddi şəkildə gündəmə gətirmə perspektividir və s. ilaxır. Hansı birini deyim? Qoy qarşı tərəf də çox yox, ikicə arqument sadalasın. Bacararlarmı bunu? Məncə yox. Boş-boş danışmaqla deyil ki.

- Qarşı tərəfin əsas arqumenti itirilən maliyyə resurslarıdır.

- O zaman sizə bir sual verim: Dünyanın ən kasıb dövlətləri böyük idman turnirlərinin ev sahibliyini etmək üçün əldən-ayaqdan gedirlər. Sizcə niyə? Büdcələri, maliyyə resursları eləmi çoxdu? Xeyr, təbii. Sadəcə onlar dövlər maraqlarını, dövlətin adını və həmin maliyyə resurslarını tərəziyə qoyurlar. İtki və qazancı hesablayırlar. Həmişə də yekunda dövlət maraqları üstün gəlir. Azərbaycan da bütün bunları hesablayıb. Eyni zamanda anlamaq və dərk etmək gərəkdir ki, həmin maliyyə resurslarının, xərclərin əhəmiyyətli bir hissəsi infrastrukturun yaradılmasına sərf olunub. Tikilən, qurulan, yaradılan hər şey isə başqasına deyil, bizim özümüzə qalır. Stadion da, idman sarayları da, digər komplekslər də...

- Məsələnin siyasi müxalifətə aid tərəfini anladıq. Bəs o zaman Qərb və Avropa təyinatlı məlum qüvvələrin anti - təbliğat kampaniyasının arxasında hansı səbəblər dayanır?

- Qısqanclıq və riyakarlıq. Vəssalam.

- `Riyakarlıq` deyərkən?

- Hər fürsətdən bəhrələnməyə çalışan, dövlət və hakimiyyət üzərinə çökməyə çalışan qüvvələri ehmal edirəm. Əksəriyyəti də Qərb təmayüllüdür.

- Bu durumda təxribat ehtimalı necə, varmı?

- Tamamilə mümkündür.

- Yanan bina ilə bağlı da təxribat versiyaları irəli sürüldü.

- Bu sualın cavabını istintaq orqanları verəcək.


- Amma siz də hüquqşünas və keçmiş istintaqçısız. Fikirlərinizi bilmək maraqlı olardı.

- Mən hazırkı müsahibəni siyasətçi qismində verirəm.

- Aydındır. O zaman mövzunun istiqamətini bir az dəyişək: Ölkə Prezidenti İlham Əliyev son müşavirədə çox ciddi məsələlərə toxundu. Qanunsuz villalardan tutmuş məmur özbaşınalığına qədər...

- Cənab Prezident həmin toplantıda həqiqətən də önəmli mesajlar verdi. Buna son xəbərdarlıq da demək olar. Amma mənim ən çox yadımda qalan və beynimə həkk olan məqam bilirsinizmi hansı idi? - İlham Əliyevin “ictimai nəzarət”lə bağlı söylədikləri. Cənab Prezident bu fikri 28 mayla əlaqədar təşkil olunmuş rəsmi qəbuldakı nitqində növbəti dəfə təkrarladı. Dedi ki, ölkə başçısı hər şeyi fərd olaraq görmək, hər şeyə fərd olaraq nəzarət etmək imkanında deyil. Müəyyən məsələlər var, onlara nəzarəti vətəndaş cəmiyyəti həyata keçirməlidir. Bəzi neqativləri, yalnışları, boşluqları sizlər üzə çıxarib bizi mövzudan agah etməlisiz ki, zamanında tədbirlər görək. İqtidarla xalqın birliyi, bağı, təması budur. Belə olmalıdır.

- Sizcə, vətəndaş cəmiyyəti öz üzərinə düşən bu missiyanın, bu işin öhdəsindən gəlir və ya gələ biləcəkmi?

- Başqa yolumuz yoxdur. Bacarmalıyıq bunu. Prezidentə kömək etməliyik. İmkan verməməliyik ki, ölkə başçısına ötürülən məlumatlar dar süzgəcdən keçsin, ona edilən məruzələr yalnız lokal çərçivəni əhatə etsin.

- Bu cavab məmurlaramı ünvanlanıb?

- Mən dövlətinə, getdiyi yola, əqidəsinə sadiq olan bütün məmurların qarşısında baş əyirəm. Balacasından tutmuş böyüyünə qədər. Tam səmimi sözümdür. Və bu cür məmurlar hökümətdə, siyasi elitada yetərincədir. Eyni zamanda qeyd etməliyəm ki, heç bir dövlət “metostaz” məmurlardan da sığortalanmayıb. Necə ki, biz. Bax, onların başını əzmək lazımdır. Həm də gec olmadan.

- Kimdir onlar?

- Bu iqtidarı yıxmaq üçün əlindən gələni əsirgəməyənlər. O insanlar ki, sonradan görənlərdir. Gücləri və hörmətləri bir kreslo və bir kabinetlə məhdudlaşır. Əllərindən səlahiyyətləri alınsa bu ölkədə bir adam onlara salam verməz. Çünki bütün həyatları və fəaliyyətləri boyunca bir faydalı işlə məşğul olmayıblar, bir kasıbın, bir yazığın əlindən tutmayıblar. Bax bizə ağır gələn də budur. Ağır gələn odur ki, Prezident və onun ailəsi bu qədər sadə, xalqa bu qədər yaxın ikən hansısa məmurun övladı, özü yox e, övladı – rayona gedərkən yol bağlatdırır, restoranda ofisiant söyür, yolda süpürgəçini təhqir edir.

- Bu yaxınlarda iqtidaryönlü millət vəkili Zahid Oruc da hökümətdəki bəzi məmurların istefa tələbi ilə çıxış etdi...

- Zahid Oruc bu ölkənin ən ağıllı, ən sadə, ən ləyaqətli insanlarından biridir. Elə ağıllı və uzaqgörən olduğu üçün də eyni fikirləri dilə gətirib.

- Sizcə, proses başlayacaq?

- Məncə, hə.

- Başlamasa?

- Başlamasa iqtidar növbəti Əli İnsanovları, Fərhad Əliyevləri göz önünə almalıdır.

- Fərhad Əliyev demişkən... İki gün öncə eks nazirin Almaniyadan siyasi sığınacaq alması və yenidən siyasətə qayıtması ilə bağlı xəbərlər yayıldı.

- Türklərin gözəl bir ata sözü var: “Bəzi insanların dəyişəcəyinə heç inanmayın. Çünki kütük tərsdən oxuyunca da “kütük”dür”. Məncə nə demək istədiyimi anladınız.

- Elşən müəllim, parlament seçkilərinin gərgin keçəcəyi ilə bağlı proqnozları bölüşürsünüzmü?

- Onu indidən proqnozlaşdırmaq çox müşkül məsələdir. Səmimi deyirəm. Tək bildiyim odur ki, iddialı insanlar çox olacaq. Eyni zamanda media və sosial şəbəkələr bu seçkidə son dərəcə önəmli bir rola sahiblənəcək.

- Namizədliyinizi irəli sürəcəyiniz dairə məlumdurmu?

- Bəli. Bu haqda mətbuatda da açıqlamam gedib. Aktual.az vasitəsi ilə bir daha deyirəm: 117 saylı Oğuz -Qəbələ seçki dairəsi.

- Keçən seçkidə namizədliyiniz qeydə alınsa da millət vəkili Ülvi Quliyevə görə təbliğat prosesinə qoşulmadığınızı söylədiniz. Bu seçkidə də belə bir ehtimal varmı? Yəni kiməsə görə geri çəkilərsinizmi?

- Ülvi Quliyevlə bağlı məsələnin kökləri var. Mən ən ilk etapda ona qarşı çox aqressiv davrandım. O isə cavab qaytarmadı, əksinə böyüklük nümayiş etdirdi. Mən bu jestin qarşılığını verməli idim. Və verdim. Ayrıca, Ülvi müəllim bir tək Parlamentin deyil, ümumilikdə Azərbaycanın ən dəyərli, ən mərd oğullarındandır. Üstəlik, bizim qohumluğumuz var. Əlqərəz, mən kiməsə borclu qalmağı sevmirəm. Yalnış etmişdim və o yalnışı düzəltdim. Fəqət, indi nə həmin yalnışları etmə, nə də səhv dairə seçmə lüksum yoxdur. Daha doğrusu o təfəkkürdə deyiləm. Seçkiyə qatılıb mübarizəmi aparacam. Qalib gələcəyimə də əminəm.



Teqlər:





Xəbər lenti