ANS Laçınlıları alçaldır? – Deputat cavab verdi

ANS Laçınlıları alçaldır? – Deputat cavab verdi
  02 İyun 2015    Oxunub:12610
Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər.
Qısaca olaraq müraciətdə deyilir ki, ANS rəhbərliyi hər il Laçının işğal günü ərəfəsində hazırladıqları verilişlərdə yurdundan didərgin düşən laçınlıları alçaltmaqdan, təhqir etməkdən əl çəkmirlər.

Prezidentə ünvanlanan müraciətdə həmçinin qeyd edilir ki, Rövşən Cavadovun yaxından dəstəyi ilə “Azərbaycanın Milli Qəhramanı” fəxri adını almış Çingiz Mustafayefin lentə aldığı süjetləri qəsdən, bilərəkdən məqsədyönlü şəkildə montaj edərək, hadisələrə və videogörüntülərə özlərinin məkrli niyyətlərinə sərf edən formada şərhlər verərək, Laçın rayon sakinlərini qorxaqlıqda, torpaqları qəsdən müdafiəsiz qoymaqda “ittiham” edirək, bizləri milyonlarla televiziya izləyicilərinin gözləri qarşısında aşağılamağa çalışırlar.

Məsələyə Milli Məclisin Laçından seçilən deputatı Nazim Fərəcov münasibət bildirib. Millət vəkili AzVision.az-a açıqlamasında bildirib ki, heç kim laçınlıları qorxaqlıqda ittiham edə bilməz.

“Mənim ANS telekanalına və eləcə də digərlərinə böyük hörməti var. Amma kimsə deyirsə ki, laçınlılar döyüşməyib, döyüşsüz təslim olub, o böyük bir səhv edir. Bunu necə demək olar? Laçınlılar necə döyüşdə iştirak etməyib ki, 264 şəhid verib. Laçında döyüş gedib və laçınlılar da bacardıqları qədər vuruşublar”.

Deputatın fikrincə, təxribatçılar olmasaydı Laçın heç vaxt təslim olmazdı.

“Həmin zaman Bakıda müəyyən qüvvələrə məxsus oğru dəstələri Laçına, Şuşaya gəlib təxribat yaratmasaydılar, satqınçılıq etməsəydilər, həmin yerlər işğal olunmazdı. Onlar təxribatlarla Şuşanı, Laçını ermənilərə təhvil verdilər. Əli silahsız insanlar nə etməli idi o zaman? Kaş ki, onlar heç oralara gəlməsəydi. Onlar “köməyə” gəlirdilər. Laçınlılar tüfənglə, ağacla ermənin qarşısına çıxırdı. Əlikram Hümbətovun, Surət Hüseynovun hərəsinin bir dəstəsi var idi. Onlar da təxribatçılıqla məşğul idi”.

Millət vəkilinin fikrincə, ANS-in efirində verilən sujetlərdə Çingiz Mustafayev Laçın camaatına demirdi ki, siz qorxaqsız.

“Onu Şuşanı təhvil verib, gələn yuxarıda dediyim təxribatçı dəstələrinə deyirdi. Onlar texnika, silahlı dəstə ilə Şuşanı, Laçını qoyub qaçanlardır. Onlara deyilirdi o sözlərin hamısı”.

ANS Şirkətlər Qrupunun rəsmisi Mais Məmmədov isə Laçınlıların ittihamlarına məhəl qoymayaraq “bu işlərlə məşğul olanlar bekar adamlardır",-deyə cavab verməklə kifayətlənib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti