“Dövləti bu məmurların əli ilə vururlar” - Deputat

 “Dövləti bu məmurların əli ilə vururlar” - Deputat
  03 İyun 2015    Oxunub:4892
“İlham Əliyev Saakaşvili sayağı hər hansı bir məsələni inqilabi vasitələrlə deyil, daha ağıllı, sistemli formada reallaşdırır”.

“İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz”

Bu sözləri prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirmişdi.

Ölkə başçısı qeyd etmişdi ki, ölkədə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir.

Prezident bu halların aradan qaldırılması üçün güclü ictimai nəzarət olmasının vacibliyini diqqətə çatdırmışdı.

“Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

Ölkə başçısının çıxışını şərh edən millət vəkili Zahid Oruc AzVision.az-a bildirib ki, prezidentin bu çıxışı mahiyyət etibarı ilə mühüm əhəmiyyətə malikdir.

Deputat hesab edir ki, dünyanın hər yerində maliyyə vəsaitləri güclü nəzarət tələb edir. Bunun üçün hər bir hökumət qurumunun fəaliyyətinə qanunvericilik qaydasında cavabdehlik, məsuliyyət, hesabatlılıq nəzarətini həyata keçirmək lazımdır. Bu, yeni qurumların yaranması hesabına baş verməli deyil.

“Hər yeni təchizat özünəməxsus qayğı, maraqlar, konflikt yaradır. Nə qədər yeni qurumlar yaradılırsa, bir o qədər bürokratiya dərinləşir. Ona görə də məsələni mürəkkəbləşdirmədən, ona nəzəri xarakter vermədən, biz aydınlaşdırmalıyıq ki, necə olmalıdır ki, qeyd etdiyimiz ictimai nəzarət həyata keçirildiyi təqdirdə qanunçuluq bərqərar olsun, vətəndaş maraqları yaxşı qorunsun, problemlər, büroktik əngəllər olmasın, vətəndaşlar korrupsiya və rüşvət maraqlarına qurban verilməsinlər. Hesab edirəm ki, bunun üçün lazım olan müvafiq hüquqi baza var”.
Millət vəkilinin sözlərinə görə, Hesablama Palatası özünün ölkə üzrə həyata keçirdiyi maliyyə nəzarəti funksiyasında daha müstəqil və geniş miqyaslı işlərini reallaşdırmalıdır: “Onların buna kifayət qədər kadr potensialı var və həddən artıq da istetadlı insanlar bu qurumda çalışır. Rəhbər daxil hər biri istənilən icra qurumunda, dövlət strukturunda, ayrılmış maliyyə vəsaitlərinin nə qədər şişirdilməsi, ünvana çatıb-çatmaması haqqında real, hüquqi araşdırmalar aparıb nəticələri ortaya qoya bilirlər. Bundan sonraki mərhələ parlamentdə ona qiymət verilməsidir. İclaslarda bu məsələlərə əlüstü xarakterdə baxılmamalıdır. Hər bir quruma ayrıca götürülmüş halda hesabatlılıq qoyulmalıdır”.

Z.Oruc əlavə edib ki, dünyada parlamentin qeyd edilən nəzarət mexanizmini həyata keçirməsi üçün müxtəlif formatları mövcuddur.

“Dinləmələr, ayrıca bir struktura dair müzakirələr, müvafiq cəmiyyət nümayəndələri ilə birgə görüşlər və s. Dediyimiz kimi bu mənada parlament özünün funksiyalarını daha güclü bir şəkildə yerinə yetirməlidir, bundan ötrü konstitusiyada onlara əlavə səlahiyyətə ehtiyac yoxdur. Daha parlamentdə məclis üzvləri onların telefonunu qaldırmadığından şikayətlənməsinlər”.

Milli Məclisin üzvü bildirib ki, bu sahədə medianın üzərinə böyük yük düşür. Deputatın fikrincə, burada müxtəlif qüvvələr, çirkli vəsaitlər, müxtəlif maraqlı dairələr yer ala bilir: “Müstəqil medianı inkişaf etdirmək üçün güclü addımlar atmaq lazımdır. Həqiqətən də tendensiyadan kənar mətbuat cəmiyyətdəki vəziyyəti gerçək əks etdirə bilir və ölkə rəhbərinin qeyd etdiyi kimi bu halda obyektiv mənzərə ortalığa çıxır, istənilən məsələyə operativ müdaxilə etmək mümkün olur. İslahatlar çox önəmlidir. Ölkə rəhbəri bunu da xüsusi vurğuladı və belə zənn edirəm ki, artıq qarşıdakı günlərdə bizi yeni qərarlar gözləyir. Cənab prezidenti başqa liderlərdən fərqləndirən mühüm bir xarakterik xüsusiyyət var. O, sadəcə Saakaşvili sayağı hər hansı bir məsələni inqilabi vasitələrlə deyil, daha ağıllı, sistemli formada reallaşdırır.

Biri var ki, 3-5 hökumət üzvünü, başqa xarakterli məmuru həbs edirsən, dərhal onun ətrafında hüquq müdafiə işləri başlanır, dövlət həmin məmurların ilə vurulur, xarici qüvvələr onları öz əllərində təzyiq vasitəsinə çevirirlər və s. Biri də var ki, onlar sadəcə müxtəlif maddi təzminat ödəmələrə məruz qalır. Bu da yaxşı nəticələr doğurmur. Lakin digər yol institutsional islahatdır. Səlahiyyətlərini digər müxtəlif qurumların arasında paylaşdırandan sonra artıq hiss olunur ki, əvvəl ki, bürokratik vəziyyət və ya xalqın üzərində qurulmuş tələlər sıradan çıxır. Bu baxımdan 4-5 məmurun həbsi ilə iş həll edilə bilməz.”.

Z.Oruc bu istiqamətdə “ASAN Xidmət”i nümunə göstərib: “İnsanlar elə düşünürlər ki, “ASAN Xidmət”də başqa yerdən gəlib işləyirlər. Amma 32 səlahiyyətin hər biri üzrə həmin qurumların keçmiş dövrdə işləyən adamları xalq dili ilə desək, öz “papkalarını” götürüb bu quruma gəliblər. Onlar da başqa yerlərdən gəlməyiblər. Sadəcə sistem şəffaf işlədiyindən insanlar mədəni münasibətlə, özlərinə hörmətlə, normal dəyərlə çıxırlar. Daha orada təhqir, ötür-ötür altında olmurlar. Ölkədə mövcud olan vasitələri daha güclü şəkildə işlətmək lazımdır. O cümlədən QHT strukturlarının meydanını genişləndirmək lazımdır.

Onlar partiyalardan fərqli olaraq hakimiyyət uğrunda vuruşmurlar. Belə olan təqdirdə hər bir QHT strukturunun rəyini, mövqeyini mütəmadi dinləmək lazımdır. Ayda bir dəfə onların işçi iclaslarını keçirmək, qəbul etdiyi qətnamələri ortaya qoymaq olar”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti