“5-ci kalon”a yüz minlərlə pul ayrılır – Müsahibə

“5-ci kalon”a  yüz minlərlə pul ayrılır – Müsahibə
  03 İyun 2015    Oxunub:8262
“Əgər, iqtidar Azərbaycanın iqtisadi inkişafını təmin edirsə, ölkənin beynəlxalq aləmdə nüfuzunu yüksəsk səviyyədə qoruyursa, seçici heç vaxt müxalifətə səs verməyəcək”
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisinin deputatı Aydın Mirzəzadənin AzVizon.az-a müsahibəsi:

- Aydın müəllim, iyunun ayının 10-da Avropa Parlamentinin prezidenti Martin Şults “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edəcək. Buna necə qiymət verirsiniz? Sizcə, bu Avropa Oyunları öncəsi ölkəmizə qarşı yönələn addım deyilmi?

- Azərbaycan əleyhinə kampaniyada Avropa Parlamenti ancaq qərəzli şəkildə ölkəmizin fəaliyyətini təftiş etməklə məşğuldur. Ən əsası isə bu təftiş deyil, qarayaxma kampaniyasıdır. Azərbaycan Avropa ictimaiyyətinin çoxdan arzuladığı oyunları qısa bir zamanda təşkil edir. Dünayaya idman, sülh, əməkdaşlıq prinsiplərinə söykənən gözəl bir bayram bəxş edir. Ancaq, Avropada bəzi mərkəzlər Azərbaycanın bu fəaliyyətinə kölgə salmağa çalışır. Bu tədbirin iyunun 10-a salınması isə heç də təsadüfi deyil. Çünki, bu tədbirdən 2 gün sonra I Avropa Oyunlarının təntənəli açılışıdır və dünyanın 20 ölkəsinin rəhbəri Azərbaycana gələcək, 100 milyon insan bu oyunları telekanallar vasitəsi ilə izləyəcək. Şults və komandası bu bayrama narahatçılıq əhval ruhiyyəsi qatmaq istəyirlər.

Hesab edirəm ki, bu, onlarda alınmayacaq. Oyunlarda iştirak edəcək 50 dövlətin 20-sinin rəhbəri açılış mərasimində iştirakı göstərir ki, dünyada Şultsun baxışları deyil, əməkdaşlıq, sülh kimi baxışlar prinsipləri öndədir. Ona görə də onların keçirəcəyi tədbirin heç bir əhəmiyyəti olmayacaq. Bu tədbir dünya ictimaiyyətində Azərbaycanla bağlı mənfi fikir yarada bilməz.

- Müxalif mətbuatda yayılan xəbərlərə görə, dünyanın hər yerindən onlarla jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış işini davam etdirmək üçün “Xədicə” layihəsi ətrafında birləşib. Layihənin yaradıcısı, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika təşkilatıdır. Sizcə X. İsmayılı onlar üçün bu qədər vacib edən nədir?

- Azərbaycanda “5-ci kolon” rolunu oynamağa həvəslə razılıq verən insanlar var. Bu insanlar ətrafında isə mif, qəhrəmanlıq obrazı yaradılmağa açlışılır. Məsələ də bu qəbildəndir. Nədənsə soruşmurlar ki, “5-ci kolon” nümayəndələrinin hesablarına gələn yüzminlərlə dollar pul haradandır? Nəyə görə xaricdə müəyyən dairələr Azərbaycanda öz işinə vicdanla yanaşan və dəstəyə ehtiyacı olan mətbuat orqanlarına, ziyalılara deyil, məhz bu tipli insanlara dəstək verməyə böyük önəm verirlər? Cavab aydındır. Azərbaycanı parçalamaq üçün ölkə içərisindəki belə insanlardan istifadə edilir.

- AXCP parlament seçkilərinə qatılmaq üçün həm partiya, həm də “Milli Şura” daxilində müzakirələrə başlayıb. Bu partiyanın növbəti seçkilərdə uğur qazanması nə qədər mümkündür?

- Azərbaycanda bütün müxalifət partiyaları birləşib blok şəklində seçkiyə getsələr belə onların parlament seçkilərdində hər hansı bir uğur qazanması qeyri-mümkündür. Ona görə yox ki, onlara şərait yoxdur. Onlar sərbəst şəkildə tədbir keçirir, təbliğatlarını aparırlar, Bakıda və bölgələrdə özəkləri fəaliyyət göstərir. Müxalifət o zaman güclü olur ki, iqtidar istənmir, üzərinə düşən vəzifəni yerinə yetirmir. Əgər, iqtidar Azərbaycanın iqtisadi inkişafını təmin edirsə, ölkənin beynəlxalq aləmdə nüfuzunu yüksəsk səviyyədə qoruyursa, seçici heç vaxt müxalifətə səs verməyəcək. Çünki, inkişafı hakim siyasi komanda ilə görür. Ona görə də AXCP-lər və digərləri müxtəlif kombinasiyalar qura bilərlər, ancaq onların siyasəti cəmiyyətin maraqlarına cavab vermədiyininə görə, kiçik bir qrupdan başqa heç kim onlara səs verə bilməz.

Elvin Aldulqədirov


Teqlər:  





Xəbər lenti