`Məmur balaları prezidentin kürəkənindən nümunə götürsünlər`- Tahir İmanov

`Məmur balaları prezidentin kürəkənindən nümunə götürsünlər`- Tahir İmanov
  04 İyun 2015    Oxunub:50425
“Səməd Qurbanovun atası, mərhum Aydın müəllim millətimizin çox görkəmli nümayəndələrindən idi. O, Rusiyada yaşayan biznesmen olsa da Azərbaycanı çox sevirdi. O, indiki oliqarx deyilən biznesmələrdən deyildi, vətənpərvər insan idi”.

Bunu AzVision.az-a “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, aktyor Tahir İmanov deyib.

Aktor prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanovla münasibətlərindən söz açaraq, onunla bağlı maraqlı nüansları diqqətə çatdırıb. O, Səməd Qurbanovla dostluq əlaqələrində olduğunu deyib.

“Səməd müəllim atası kimi dəyərli insan, gözəl dostdur. O, əsl vətənpərvər və dövlətini sevən bir insandır. Atası həmişə azərbaycanlılara kömək olub, yüzlərlə insana çörək verib. O, indiki oliqarxlardan fərqli olaraq ölkəsini düşünən şəxsiyyət idi. İndi xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti əvvəl pulu fikirləşirlər, puldan başları açılanda milləti yada salırlar”.



T.İmanov Aydın Qurbanovla ilk dəfə 1993-cü ildə tanış olduğunu vurğulayıb.

“O vaxt mən KVN komadasında çalışırdım. Həmin vaxtdan Aydın Qurbanovla tanışlığımız başladı. Səməd o zaman balaca idi. Sonradan biz Aydın müəllimlə dost olduq. İndi onun oğlu ilə də dostuq”.

Tahir İmanovun fikirincə, S.Qurbanov bu gün öz atasının yolu ilə gedir: “Səməd müəllim bu gün atasından heç də fərqlənmir. Hətta bəzi məqamlarda, yaxşı mənada Səməd atasını qabaqlayır. Aydın Qurbanov sağ olsaydı, oğluna baxıb onunla fəxr edərdi”.

Aktyor söhbət zamanı Səməd Qurbanovun çox sadə bir insan olduğunu söyləyib. Onun sözlərinə görə, prezidentin kürəkəni olsa da S.Qurbanov heç vaxt özünü yüksək təbəqənin nümayəndəsi kimi aparmır.

“Statusuna baxmayaraq, o, çox sadə bir insandır. Səmədi tanımayan insan bilməz ki, onun çox tanınmış qohumları var. Səmədi bizim bəzi məmurlarımızın övladları ilə müqayişə etsək görərik ki, onların arasında yerdən göyə qədər fərq var. Bəzi məmur övladları avtoxuliqanlıq edirlər, silahdan istifadə edirlər. Səməd isə belə əməllərdən uzaqdır. Çünki onun əslində tərbiyə var. Tərbiyəli insan isə elə əməllər törətməz.

Mən Səmədi həmişə başqalarına nümunə göstərmişəm. Onlara deyirəm ki, baxın Səmədə, qohumları nə qədər tanınmış insanlar olsalar da o, özünü çox sadə aparır. Səmədin hərəkətləri bəziləri üçün nümunə olmalıdır”.

T. İmanov S.Qurbanovla tez-tez görüşdüklərini də söyləyib: “Səməddə məni özünə çəkən yaxşı xüsusiyyətlərdən biri də onun səmimiyyətidir. İndiki zamanda səmimi insanlar çox azdır. Təəssüflər olsun ki, bəzi insalar müəyyən məqsədlər naminə dostluq edirlər. Bu məqsədlər əsasən bizneslə bağlıdır. Bizneslər bağlananda isə dostluq da dağılır.

Səmədlə bizim isə əsas məqsədimiz aramızda olan səmimiyyəti qoruyub saxlamaqdır. Çünki bu səmimiyyəti ilk dəfə Aydın Qurbanovla biz qurub-yaratmışıq. Aydın müəllim bu günü görsəydi, çox sevinərdi. O, Səmədlə nəfəs alırdı, onunla yaşayırdı. Səməd onun həyatı idi, yaşama səbəbi idi, yeganə övladı idi. Səmədlə aramızda çox möhkəm dostluq əlaqələrimiz var”.

T.İmanov Aydın Qurbanovla aralarında baş verən maraqlı bir hadisəni yada salıb.

“1990-cı illərin əvvəlləri idi. Aydın müəllimlə bir yerdə oturub nahar edirdik. Birdən telefonuna zəng gəldi. Qurumlardan birindən ona bildirdilər ki, Rusiyada bir azərbaycanlı ölüb və onun meyitini ölkəyə gətirmək üçün pul çatışmır. Aydın müəllim isə bütün xərcləri öz üzərinə götürdü. Hətta həmin şəxsin Bakıda yas mərasimini də təşkil etdi.

Xaricdə yaşayan bəzi soydaşlarımızdan fərqli olaraq o, heç vaxt öz əməllərini reklam etməzdi. Mən məsləhət görürdü ki, etdiyim yaxşılığı heç kəs bilməsin. O, deyirdi ki, yaxşılığı Allah üçün etmək lazımdır”.

Aktyor Səməd Qurbanovun KVN tamaşalarını sevdiyini, onların konsertlərində iştirak etdiyini söyləyib.

Qeyd edək ki, Səməd Qurbanov prezident İlham Əliyevin qızı Arzu Əliyeva ilə ailə həyatı qurub. Cütlüyün bir oğlu var.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti