50 minə yaxın insan boğazı keçərək Taksim meydanına gəlir

50 minə yaxın insan boğazı keçərək Taksim meydanına gəlir
  01 İyun 2013    Oxunub:1296
İstanbulda vəziyyət daha da gərginləşib.
Bir neçə gündür Taksim meydanındakı Gezi parkını zəbt edən etirazçılarla polislər arasında şiddətli toqquşmalar davam edir. Polislər etirazçı kütləni dağıtmağa çalışsa da, tərəflər arasında qarşıdurma yaşanıb. Polisə ciddi müqavimət göstərən etirazçılar asayiş keşikçilərini daş-qalaq edib. Polis isə kütləni dağıtmaq üçün gözyşardıcı qaz qumbaralarından və yüksək təzyiqli su şırnaqlarından istifadə edib.

Yaşanan qarşıdurmada xeyli sayda insan yaralanıb, yaralıların bəzilərinə ilk tibbi yardımı da, ərazidə çəkiliş aparan media mənsubları göstərib. İstanbulda 50 minə yaxın insan boğazı keçərək Taksim meydanına tərəf gəlir. Qrupun "Hər yer Taksim, hər yer dirəniş" şüarları ilə yürüşü davam edir.

Qeyd edək ki, etirazçılar Gezi parkı ərazisində ticarət mərkəzi və digər tikinti obyektlərinin inşasına qarşı çıxır. Sakinlər bu parkın istanbulun mərkəzindəki yeganə yaşıllıq ərazisi olduğunu deyir. Son məlumatlarda isə bildirilir ki, İstanbul İnzibati Məhkəməsi, "Taksim Topçu Qışlası" layihəsi çərçivəsində Taksimdə həyata keçirilən yenidənqurma layihəsinin dayandırılmasına qərar verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti