“Arif Hacılı qadınları söyür...” – Müsavatda qarşıdurma
Partiyanın Qadınlar Birliyinin istefa verməsinə münasibət bildirən E.Məmmədli qeyd edib ki, qadınlar zərif cinsin nümayəndələri hesab olunsalar da o qədər də zəif məxluqlar deyil: “Qadınlar çox böyük qüvvədir. Siyasi proseslərin önündə hər zaman qadınlar olur. Kişilər isə onların arxalarında gəlir. Bu gün həmin partiyadan ayrılan xanımlar da illərini məhz siyasi meydanlarda keçiriblər. Sadəcə olaraq istefa verən xanımlar Arif Hacılının qruplaşmasına daxil deyillər. Arif Hacılının cılız bir qrupu var. Bunu hamı bilir. Arif Hacılının belə bir fikri var ki, onun xoşu gəlməyən onunla deyil. Bu qrupa aid olmayanları yanından qovmaq üçün bütün üsullara əl atır. Elə bilirsiz ki, onlar qadınlara saldırmayıblar? Qapalı qrupda qadınlara qarşı elə biədəb sözlər deyirlər ki, dilə gətiriləsi deyil. Bunu edənlər isə Arif Hacılı qrupunun nümayəndələridir. Qadın haqqında kişi pis rəy yazırsa, deməli onu dünyaya qadın gətirməyib, ailəsində də ana-bacısı yoxdur. Bunlar qadınlarla ən iyrənc üsullarla mübarizə aparırlar. Hansı ki, bu ifadələr dilə gətiriləsi deyil”.
E. Məmmədli bildirib ki, Arif Hacılı və qrupundakılar azad fikirli qadınlardan qorxduğuna görə, onları iyrənc vasitələrlə partiyadan uzaqlaşdırırlar: “Bunların istər idarəçilikdə, istərsə də şəxsiyyətlərində kifayət qədər qüsurlar var və bir-bir üzlərinə saymaq olar. Əlbəttə qadınlardan qorxurlar. Bu qadınlar saf insanlardır. Ona görə də partiya daxilindəki haqsızlığa qarşı mübarizə aparırlar. Bu gün partiyada anormal bir vəziyyət yaranıb. Partiyada Hacılı qardaşları cılız bir qrupla idarəçiliklə məşğuldur. Ona görə də partiyadakılar abırlarına qısılaraq istefa verirlər. Bu isə utancvericidir. Çünki, onlar Məhəmməd Əmin Rəsulzadə ideyalarına tamamilə xəyanət ediblər”.
Hazırkı Müsavat qarşıdan gələn parlament seçikilərində uğur əldə edə bilərmi sualına isə E. Məmmədli sadəcə inanmadığını söyləyib.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


