Cəbhə kəndlərinin su təchizatı yaxşılaşdırılır

Cəbhə kəndlərinin su təchizatı yaxşılaşdırılır
  04 İyun 2015    Oxunub:1247
5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində cəbhə bölgəsində yerləşən Füzuli rayonunun Yağlıvənd kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin həyata keçirdiyi layihənin icrası uğurla başa çatdırılıb.
İyun ayının 4-də Yağlıvənd kəndinə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev kənd sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda da genişmiqyaslı işlər həyata keçirilir:

“Rayonun işğaldan azad olunmuş kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni artezian quyuları qazılır, bulaq və kəhrizlər sakinlərin istifadəsinə verilir. Rayonun yaşayış məntəqələri keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində işlər davam etdirilir”.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun birinci müavini Vəli Həsənov regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə sərhədyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib:

“Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində əhalinin sosial-iqtisadi problemlərinin həlli ölkə rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyev cəbhə bölgəsində və sərhədyanı kəndlərdə su təchizatı infrastrukturlarının yaradılması ilə bağlı ciddi tapşırıqlar verib. Füzuli rayonunun Yağlıvənd kəndinin sakinləri uzun illərdir içməli sudan əziyyət çəkirdi və yay aylarında su çatışmazlığı özünü daha kəskin göstərirdi. Bunları nəzərə alaraq Yağlıvənd kəndində yeni layihənin icrasına başlanıldı və qısa müddətdə işlər başa çatdırıldı”.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Yağlıvənd kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrasına 2014-cü ilin payızında başlanmışdır. Layihə çərçivəsində 1 ədəd subartezian quyusu qazılmış, 150 mm diametrli polietilen borularla 1,5 km magistral su xətti çəkilmişdir. Kənd daxilində 17 yerdə bulaqlar quraşdırılıb. Layihənin icrasının başa çatması nəticəsində 1650 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.


Teqlər:  





Xəbər lenti