“Oğlanlarımı döyüşə özüm apardım” - Deputatla müsahibə

“Oğlanlarımı döyüşə özüm apardım” - Deputatla müsahibə
  05 İyun 2015    Oxunub:19990
“Bəzi səfirlər Azərbaycandan qovulmalıdır”

AzVision.az saytının “Deputatın hesabatı” adlı layihəsi davam edir. Bu dəfəki müsahibimiz Milli Məclisin Xocalından seçilən deputatı Elman Məmmədovdur.

- Elman müəllim, müsahibəyə ənənəvi sualla başlamaq istərdik. Bildiyimiz kimi, bu il deputat fəaliyyətiniz başa çatır. Geridə qoyduğunuz dövrdə hansı işləri gördünüz? Ümumilikdə millət vəkili olaraq fəaliyyətiniz nədən ibarət oldu?

- Hesab edirəm ki, bu çağırışda Milli Məclis kifayət qədər məhsuldar işləyib. Qoyulan məsələlər müzakirə olunub, qanunlara əlavələr, dəyişikliklər edilib, yeni qanunlar qəbul olunub. Milli Məclisin üzvü kimi bu illər ərzində üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışmışam. Geridə qalan 5 ildə həllinə nail olduğum məsələlərlə yanaşı, həll edə bilmədiyim problemlər də olub.

Bildiyimiz kimi, təmsil olunduğum dairə Qarabağ ərazisidir. Məcburi köçkün rayonu olan Ağdamda 14 mindən çox seçicim var. Bu seçicilər məcburi köçkünlərdir. Təbii ki, məcburi köçkünlərin ehtiyacları, problemləri daha çoxdur. Onlar da problemləri ilə bağlı mütəmadi olaraq mənə müraciətlər edirlər. Çalışıram onların problemlərini həll edim. Müraciətlərin əksəriyyəti də işlə bağlıdır. Bunun üçün lazımı qurumlara müraciət etməkdən başqa heç nə edə bilmirik. Axı, deputat kimi elə səlahiyyətimiz yoxdur ki, kimisə işlə təmin edək.

-İşğal olunmuş bir rayonu Milli Məclisdə təmsil etmək necə bir hissdir?

-Bu, çox çətindir. Hər hansı bir dairədən olan deputat üçün seçicilərlə görüşmək, problemləri həll etmək nisbətən asandır. Ancaq təsəvvür edin ki, təmsil olunduğum dairədən olan seçicilərim müxtəlif rayonlarda yaşayırlar. Bu baxımdan onların gündəlik qayğıları, problemləri ilə məşğul olmaq bir qədər çətindir. Bütün bunlara baxmayaraq, çalışırıq ki, bacardığımız qədər insanlara yaxın olaq. İş sözsüz ki, həmişə razılıqla baş tutmur. Narazılıqlar, müəyyən problemlər də olur. Həll olunmayan məsələlərlə bağlı mübahisələr düşür. Bəzən olur ki, seçici narazılığı ilə qarşılaşırıq.

- Elman müəllim, bu sualı bir çox həmkarlarınıza vermişik. Fikirlər müxtəlif olub. Siz necə düşünürsünüz, yenidən deputat olmaq istəyirsinizmi?

- Bildiyiniz kimi, 2000-ci ilə qədər Xocalı rayonunun icra başçısı vəzifəsində işləmişəm. Həmin ildə üzv olduğum YAP tərəfindən deputatlığa namizədliyim irəli sürülüb. 2005-2010-cu illərdə də belə olub. Əgər partiyamız bu çağırışda hesab etsə ki, bir millət vəkili kimi göstərilən etimadı doğrulduram, ölkəmizin, dövlətimizin siyasətini lazımi səviyyədə yerinə yetirirəm, Milli Məclisdə qanunvericilik işində, lazımı qədər məqsədəuyğun fəaliyyət göstərirəmsə, partiyamız tərəfindən namizədliyim irəli sürülsə, təbii ki, namizəd olacağam. Əks təqdirdə müstəqil halda namizədliyimi irəli sürə bilmərəm. Çünki YAP-ın üzvüyəm, onun Nizamnaməsinə tabeyəm.

-Parlamentdə 5 il keçsə də hələ də üzünü görmədiyimiz deputat həmkarlarınız da var…

-Burada tək parlamentin iclasında deputatın fəaliyyətinə qiymət vermək düzgün olmaz. Parlament iclasında məhdud məsələlər qoyulur, bizə gündəlik verilir, iclasda bir neçə gün əvvəl bizə materiallar paylanılır. Təbii ki, biz o məsələlər üzərində işləyirik. Hətta gündəliyə çıxarılan məsələ bizim komitəyə aid deyilsə belə öz mövqeyimizi bildiririk. Təbii ki, deputatın plenar iclasda çıxışı önəmli və lazımdır. Ancaq iclas belədir ki, hər şey hazırlanmış formada gəlib ora çıxır. Bu baxımdan komitə iclasılarında deputatların əksəriyyəti fəal iştirak edirlər.

Hesab edirəm ki, deputatlar həm komitə iclaslarında, həm də plenar iclaslarda fəal olmalıdır. Ancaq bəzən baxırsan ki, mətbuatda deputatın fəaliyyətini daha çox plenar iclasdakı çıxışı ilə qiymətləndirirlər. Bu, qətiyyən düzgün deyil. Deputat fəaliyyəti tək plenar iclasdan ibarət deyil.

Bundan əlavə deputat da dediyi sözün samballını bilməlidir. Söz xatirinə söz demək olmaz. Onda söz də, fikir də hörmətdən düşür. Hər-halda çalışmaq lazımdır ki, fəal deputat və vətəndaş mövqeyində olasan.

- Necə hesab edirsiniz, parlamentin tərkibi bir qədər gəncləşməli deyilmi? Bu barədə müxtəlif təkliflər səsləndirilir. Bildirilir ki, dünya təcrübəsi ilə müqayisədə deputatlarımızın çoxu yaşlı nəslin nümayəndələridir.

-Bir çox ölkələrin parlament üzvləri ilə parlamentlərarası dostluq əlaqələri çərçivəsində tanışam. Digər ölkələrdəki vəziyyətdən məlumatım var. Bu baxımdan deyə bilərəm ki, Milli Məclisdə kifayət qədər gənc deputatlarımız var. Bizdə gənclərlə bərabər xanımlara da yer verilir. Hər yaş qrupuna adi olan şəxslər parlamentdə təmsil olunur.

Parlament təyinatlı yer deyil ki, burada kimsə yaşına görə deputat seçilsin, yaxud tam əksinə. Bu, Azərbaycan qanunvericiliyinə, Seçki Məcəlləsinə zidddir. Parlament seçkiləri ümumxalq seçkiləridir. Burada Azərbaycan vətəndaşı konstitutiyaya uyğun olaraq hüququndan istifadə edib parlament seçkilərində namizədliyini irəli sürür. Seçim xalqındır və kim daha çox səs toplayacaqsa, o da deputat seçiləcək. Burada kimsə həd, qadağa və məhdudiyyət qoya bilməz. Bu, sovet dövründə olan bir ənənəi idi.

- Son günlər deputatların biznes məsələsi daha çox gündəmə gəlir. Təklif edilir ki, deputatların bizneslə məşğul olması qanuniləşdiirlsin. Siz necə düşünürsünür, deputat bizneslə məşğul olmalıdırmı?

-Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı olaraq göstərilir ki, Milli Məclisin deputatına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Elman Məmmədov olaraq əminliklə, qətiyyətlə deyirəm ki, parlamentdə olan fəaliyyətimdən başqa fəaliyyətim yoxdur. İxtisasım müəllimdir, amma pedoqoji fəaliyyətlə də məşğul olmuram. Fəaliyyətim sırf parlamentlə bağlıdır. Parlamentdən məvacib alıram. Kim istəyir, araşdıra bilər. Milli Məclisdən maaş alıram, bu mənə bəs edir.

Bir neçə dövlət var ki, orada seçicilər özləri tələb qoyurlar ki, səs verəcəyimiz şəxsin maliyyə imkanları çox geniş olmalıdır. Bizdə isə bunu dəyişmək üçün mütləq qanuna dəyişiklik edilməlidir. Biz qanunverici orqan olaraq vətəndaşdan tələb ediriksə ki, qanunu pozmasın, ilk növbədə biz özümüz qanunu pozmamalıyıq. Deputatların biznes qurmasına, sahibkarlıqla məşğul olmasının əleyhinə deyiləm, ancaq bir şərtlə ki, qanuni şəkildə olsun. İndiki halda isə bu, yolverilməzdir. Deputat öz işi ilə məşğul olmalıdır, bizneslə deyil.

- Maaşınızdan razısızmı? Bəs edirmi sizə?

-Maaşımız Azərbaycanda mövcud olan vəziyyətlə, əhalinin müəyyən kateqoriyalarının aldığı maaşla müqayisədə kifayət qədər yüksəkdir. Deputat olaraq bundan yüksək maaşa iddialı olmağımız, yüzminlərlə müəllim, həkim və başqa ixtisas sahiblərinə qarşı haqsızlıq olar.

Elə dövlətlər var ki, orada deputatların maaşı çox yüksəkdir. Amma elə ölkələrdə var ki, bizim maaşımız onlardan çoxdur. Özümüzdən başqa insanları da düşünməliyik. Hesab edirəm ki, 125 deputata sərf olunan puldan bir az əlillərə, xəstələrə, azmaaşlı insanlara sərf olunmalıdır.

Maaşından hansısa deputat narazıdırsa, gedib başqa işlə məşğul olsun. Şəxsən maaşım məni qane edir.

-Deputat həmkarlarınızla əlaqələriniz necədir? Dostluq etdiyiniz millət vəkilləri varmı?

-15 ilə yaxındır ki, parlamentdəyəm, amma kiminləsə konfliktim olmayıb. Hamı ilə normal münasibətim var. Aqil Abbas, Tahir Rzayev, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, Rüstəm Xəlilov, Novruz Aslan, Fəzail İbrahimli ilə dostam. Bunların sayını çoxaltmaq olar. Parlamentdən kənarda heç kimlə əlaqəm yoxdur.

- Elman müəllim, Qarabağı təmsil edən deputat kimi çıxışlarınızda tez-tez Qərbi, beynəlxalq təşkilatları tənqid edirsiniz. Hətta diplomatik korpusun ölkədən çıxarılmasını təklif edirdiniz.

- Azərbaycan müstəqil dövlətdir və özünün qanunları var. Ölkəmizdə yaşayıb, işləyib, fəaliyyət göstərirsənsə, sən öz vətəndaşı olduğun ölkənin qanunlarına necə hörmət edirsənsə, öz burada da bizim ölkənin qanunlarına hörmətlə yanaşmalısan. Əgər sənin burada fəaliyyətin, təmsil etdiyin missiyanın fəaliyyətindən kənara çıxıb, mənim ölkəmin qanunlarını pozubsa, sən öz fəaliyyətinlə ölkədə iğtişalar yaradırsansa, təxribatla stabilliyi pozmaq istəyirsənsə, ölkəmizin qanunlarına, mənafeyinə və milli təhlükəsizliyinə zidd mövqey göstərirsənsə, nə üçün bizim ölkədə işləməlisən?. Bu ölkədən çıxarılmalısan. Bu mövqeyi dəfələrlə sərgiləmişəm. Bu baxımdan hesab edirəm ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi səfirlər ölkədən çıxarılmalıdır.

Üzbəüz görüşlərdə müəyyən səfirlərə, beynəlxalq təşkilatlara da, ATƏT-in nümayəndələrinə demişəm ki, siz Azərbaycana normal münasibət göstərmirsiz. Sizin bütün hərəkətləriniz ölkədaxilində qeyri-stabillik yaratmağa yönəlib. Buna görə onların fəaliyyətinə qadağa qoyulmalı, Azərbaycandan çıxarılmalıdır. Mən onların ölkələrində o hərəkəti etsəm, həbs etdirərlər. Biz də o cür tələb edirik. Hesab edirəm ki, tək mən yox, bütün Azərbaycan vətəndaşları bu fikirdədilər. Çünki biz hər birimiz vətəndaşı olduğumuz ölkəmizin Milli təhlükəsizliyini, mənafeyini hər şeydən üstün tutmalıyıq. Bu, dövlətimizin, xalqımızın mənafeyidir. Nəyə görə kənardan bir əcnəbi gəlib burada mənim bayrağımı, millətimi təhqir etsin, adət-ənənəmə qarşı çıxsın? Burada konkret vətəndaş mövqeyi ortaya qoyulmalıdır.

-Bildiyimiz kimi, siz deputat fəaliyyətinizlə yanaşı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüsünüz. Necə hesab edirsiniz, münaqişənin həllində Azərbaycan və erməni icmalarının görüşü, təmasda olması lazımdırmı?

-Bildiyimiz kimi indiyədək Ermənistan tərəfilə cəmi 2 dəfə görüş olub. İcmanın İdarə Heyətinin üzvləri iki dəfə Dağlıq Qarabağa səfər ediblər. Mən isə bu görüşlərdən imtina etmişəm və onun əleyhinə olmuşam. Danışıqların və keçirilən görüşlərin əleyhinə deyiləm. Ancaq indiki formatda keçirilən görüşlərin əleyhinəyəm.

Biz Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq bütün erməni xalqını düşmən kimi görümürük. Biz bu münaqişəni, müharibəni yaradan, Azərbaycana düşmən olan siyasətçiləri, diplomatlar, əli bizim dinc sakinlərin qanı batanları düşmən kimi görürük. Onlardan əvvl-axır qisasımızı almalıyıq.

Bizə təklif edirlər ki, erməni icması ilə görüşək. Biz nəyə görə həmin cinayətkarla görüşməliyik? Ermənistan rəhbərliyi cinayətkardır. Biz cinayətkarlarla görüşmək istəmirik. Biz üstündə “Dağlıq Qarabağ Respublikası” yazılan binaya necə girə bilərik ki?
Biz istəyirik ki, ictimaiyyət nümayəndələri görüşsünlər. Belə görüşlər Sarkisyanların nəzarəti altında olacaqsa, bizə lazım deyil.

-Bir neçə dəfə çıxışlarınıza Xocalıya “şəhid şəhər”, əhalisinə isə “soyqırıma məruz qalan əhali” statusunun verilməsi məsələsini qaldırmışdınız. Bu istiqamətdə hər hansı bir irəliləyiş varmı?

-Hesab edirəm ki, bu, məqsədəuyğun bir təklifdir. Biz bu fikri səsləndirəndə, Xocalı sakini olaraq bu işin maddiyat və təmənna tərəfi bizi maraqlandırmır. Bu, çox beynəlxalq aləm üçün lazımdır. Beynəlxalq təşkilatlardan gələnlərin qarşısında belə bir söz, cümlə işlədilməlidir ki, Azərbaycanda soyqırıma məruz qalmış şəhər var. Xarici ölkələrdən Çexiya, Fransa, Ukrayna, Belarusiya, Vyetnam və Polşada belə yerlər var. Xocalının da soyqırıma məruz qalan şəhər statusu olmalıdır. 1992-ci ilə qədər orada yaşan xocalılara bu statusun verilməsinin zamanıdır. Onların da çoxu dünyasını dəyişib. Sağ qalanların cibində bir vəsiqə olmalıdır ki, bu şəhərin sakinləri soyqırıma məruz qalıb. Hər hansı bir beynəlxalq təşkilatın nümayəndəsi burada “erməni soyqırımı” adı çəkəndə həmin şəxslər öz dilimizdə və xarici dildə yazılmış vəsiqəni onun qarşısına qoysun.
Nədən düşmən öz yalanı ilə hamını da inandırmağa çalışır, biz tarixi həqiqəti göstərməyək?

-Son zamanlar bəzi oliqarxların Beynəlxalq Bankdan götürdüyü vəsaiti geri qaytarmadığı üçün həbs olunduğu haqda silsilə xəbərlər yayılır. Bu məsələ ilə bağlı sizin mövqeyinizi öyrənmək istərdik?

-Dövlətin pulun götürmüsən, kredit almısan, indi geri qaytar. Bu kredit sənin dədənin ehsanına verilməmişdi ki? Krediti götürmüşdün ki, istifadə edəsən, iş qurasan, qazancını əldə edib, dövlətin pulunu geri qaytarasan. Bu borcu dövlətdən almısan və onun qaytarılma mexanizmi, vaxtı var. Həmin vaxt daxilində borcu qaytarmırsansa, demək ki, qanunu pozursan. Qanunu pozdunsa cinayətkarsan. Cinayətkarsansa yerin həbsxana olmalıdır. Kim qanunu pozursa, cəzasını almalıdır. Bu baxımdan dövlətin pulunu mənimsəyən oliqarxların həbs edilməsi düzgün addımdır.

-Elman müllim, deputat fəaliyyətinizlə yanaşı şəxsi həyatınız da oxucular üçün maraqlıdır. Bildiyimiz kimi 7 övlad atasısınız. Övladlarınız nə işlə məşğul olurlar?

-Dörd oğlum, üç qızım və 17 nəvəm var. İki böyük oğlum müharibə veteranıdır. 1992-ci ildə onları universitetdən çıxarıb, Qarabağa döyüşə aparmışam.

Xatırlayırsınızsa, Xocalının işğalından sonra may ayında batalyonu bərpa etdim və rəsmi əmrlə oğlanlarımı batalyonun döyüşçüləri sırasına yazdırdım. Onda AzTV-dən beş dəqiqə vaxt aldım və efirə çıxıb bildirdim ki, Xocalı batalyonunu yenidən yaratdıq. Batalyon Ağdamın Şıxlar kəndində idi. Azərbaycanda vəzifə tutan hər kəsə müraciət etdim. Bildirdim ki, əgər vəzifəli şəxslər övladlarını səngərə göndərsələr, biz bu müharibədə qalib gələcəyik. Övladlarımın hər ikisi şanlı döyüş yolu keçiblər. Sonra təhsillərini davam etdirdilər.

Böyük oğlum 1993-cü ildən başlayaraq yol polisində çalışır. Getdikcə vəzifəsi artıb və bu gün Yasamal rayon Yol Polis şöbəsində polkovnik-leytenant rütbəsi daşıyır və həmin şöbənin rəisidir. Digər bir oğlum da yol polisində xidmət edir. Qalan iki oğlumdan biri gömrük orqanında, digəri isə Pirallahı rayonunda Yol istismar sahəsində çalışır. Qızlarımın da 3-ü ali təhsillidir. İkisi evdar xanımdır, biri isə Gəncə şəhər İcra Hakimiyyətində işləyir və orada yaşayır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti