İqtidardan mühacir skandalına reaksiya

İqtidardan mühacir skandalına reaksiya
  05 İyun 2015    Oxunub:2685
“Müsavat Partiyası ətrafında yaranmış mühacir qalmaqalı bu partiyanın tətbiq etdiyi praktikanın ifşası deməkdir”.
Bu fikirləri AzVizon.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisinin deputatı Aydın Mirzəzadə deyib.

YAP rəsmisi deyib ki, bir-iki nəfər özünü yalandan Müsavatın sxeminə qoşa bilər, amma etiraflara əsasən bu partiyaya üzvü olanlar onlara verilən arayışlarla Avropada asanlıqla siyasi mühacir status ala bilirlər: “Eyni zamanda biz kifayət qədər nümunələr bilirik ki, bəziləri Müsavat Partiyasının fəaliyyətində bir qədər görünərək, sonradan Avropaya üz tutur, burada onlara qarşı təzyiqlər olduğunu bildirərək siyasi mühacir olmağa çalışırlar. Bu düşünülmüş bir mexanizmdir. Hələ mətbəx daxili hansı prinsiplərin olduğundan xəbərsizik. Birinci dəfədir ki, Müsavat Partiyası mühacirlərlə bağlı məsələni etiraf edir. Həmçinin bir nəfər sənədlərinin saxta olduğunu bildirir. Belə çıxır ki, onların imzasının olduğu sənədlər var”.

A.Mirzəzadə hesab edir ki, Müsavat Partiyası Azərbaycanda sivil siyasi təşkilat deyil, xaricə mühacir yollayan bir komitə rolunu oynayır.

“Əgər doğrudan da Müsavat üzvlərinə açıq şəkildə təzyiqlər varsa, onda bu partiya Azərbaycanda necə fəaliyyət göstərir? Necə mətbuata çıxır, seçki keçirir? Göründüyü kimi bu situasiyadan sui-istifadə edən, Azərbaycanı xaricdə mənfi imicdə tanıtmaq üçün var güclə istifadə edən müxalif siyasi təşkilatlar var. Onlardan biri də Müsavatdır”,- deyə A. Mirzəzadə vurğulayıb.

Deputat qeyd edib ki, Müsavat son günlərdə başı rəqiblərini məhv etməkdən ayılaraq Avropa Oyunlarını boykot etməklə bağlı müraciət yayıb: “Görünür, xaricdən gələn təlimat belə olub. Yəni, onların yadına anti-Azərbaycan mərkəzlərlə bir istiqamətdə fəaliyyət göstərməyi salıblar. Prinsip etibarı ilə Müsavatın bu şəkildə fəaliyyəti cəmiyyət üçün sir deyildi. Elə bunun nəticəsidir ki, cəmiyyətdə nüfuzları yoxdur, siyasi proseslərdə ciddi rol oynamırlar. Ona görə də Azərbaycan cəmiyyəti özünün problemlərinin həllini Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına etibar edir”.

Müsavatdakı mühacir qalmaqalı ilə əlaqədar A. Mirzəzadə bildirib ki, hər hansı bir proses qanun çərçivəsindən kənara çıxırsa, hüquq mühafizə orqanları bununla məşğul olacaq.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti