Bu gün şagirdlərin buraxılış imtahanıdır

Bu gün şagirdlərin buraxılış imtahanıdır
  02 İyun 2013    Oxunub:1481
Bu gün Azərbaycanda orta ümumtəhsil müəssisələri üzrə ilk buraxılış imtahanı keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, ilk buraxılış imtahanında Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun şagirdləri, həmçinin Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala, Mingəçevir rayonlarının rus bölməsinin şagirdləri iştirak edirlər.

Saat 10.00-da buraxılış sinfinin IX sinif şagirdləri, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakıda 66, Sumqayıtda 7, Abşeronda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 32479, Sumqayıtda 4390, Abşeron rayonunda isə 2924 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 3353 nəzarətçi-müəllim ayrılıb.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 79 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində 66, Sumqayıtda 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 23145, Sumqayıt şəhərində 3369, Abşeron rayonunda isə 1665 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. İmtahanın idarə edilməsi üçün 333 imtahan rəhbəri, 2488 nəzarətçi-müəllim ayrılıb.

Lənkəran, Gəncə, Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala və Mingəçevir rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. Həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə buraxılış sinfində təhsil alan 1727 nəfər IX sinif şagirdi, 1472 nəfər isə XI sinif şagirdi imtahan verəcək.

Buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və Riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
İmtahanın nəticələri isə bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 8-də buraxılış imtahanı verəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti