Yunan səfirin təxribatına sərt reaksiyalar - `İfşa olunacaq...`

Yunan səfirin təxribatına sərt reaksiyalar - `İfşa olunacaq...`
  06 İyun 2015    Oxunub:2329
“Birinci Avropa Oyunları öncəsi bu cür təxribatların olması gözləniləndir. Amma bu təxribatlar heç bir nəticə verməyəcək”.

AzVision.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Avropa Oyunlarına qarşı ortaya çıxan işbirliyinə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, artıq Birinci Avropa Oyunlarında iştirak edəcək komandalar Bakıya gəlməkdədir, açılış mərasimində iştirak edəcək dövlət başçıları tədbirdə iştiraklarını təsdiqləyiblər:

“30-a yaxın ölkənin dövlət və hökumət başçısı Birinci Avropa Oyunlarının açılışında iştirak edəcək. Bu cür təxribatlarla məşğul olanlar isə təbii ki, ifşa olunacaq və bilinəcək ki, onların təxribatları heç bir nəticə vermir. Bu, sırf erməni lobbisinin, erməni lobbisindən pul alanların, ayrı-ayrı neft şirkətlərinin, energetika sektoruna daxil olan şirkətlərin həvəsləndirdikləri əməlləridir, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarına kölgə salmaq istəyirlər. Avropa İttifaqının Bakıdakı ofisi ilə bağlı məqama gəlincə, bu, dəqiqləşsə, təsdiqini tapsa, Avropa İttifaqının ofisinə rəhbərlik edən səfir persona non-qrata elan olunmalıdır”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, Birinci Avropa Oyunlarına münasibət Azərbaycan üçün yaxşı bir testə çevrilib: “Biz sanki Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizədə dövlətlərin özlərini necə aparacağını görə bildik. Hesab edirəm ki, Yunanıstan səfirinin öz ölkəsinin yüksək səviyyəli rəsmilərinin Azərbaycana gəlməsini əngəlləmək üçün bu cür təxribatçı mövqedə olması və bunun haradan qaynaqlanması bilavasitə Yunanıstanın rəhbər şəxsləri tərəfindən aydınlaşdırılacaq”.

Azərbaycanla Yunanıstan arasında normal münasibətlərin olduğu və münasibətlərin inkişaf etdiyini nəzərə çatdıran Z. Orucun sözlərinə görə, hətta bir çoxları bu münasibətlərin Türkiyənin mənafeyinə zidd olduğunu söyləyəndə belə Azərbaycan Yunanıstanla münasibətlərini dayandırmayıb: “Bütün bunların fonunda, o cümlədən Avropa İttifaqı ilə 300 milyard avroluq borc öhdəliyi ilə bağlı aparılan çətin danışıqların və yaşanan böhranların zəminində Azərbaycana münasibətdə belə etibarsız, son dərəcədə təxribatçı mövqe təəssüf və hiddət doğurur. Bir xalq olaraq görməliyik ki, bu dairələr Azərbaycanın milli maraqları ilə bağlı başqa məsələlərdə özlərini necə aparardılar. Yəni işğal altındakı Azərbaycan ərazilərinin 1 kvadratmetrinin alınması halında bu dövlətlər hər cür avantüra və diversiyalara əl atardılar.

Ona görə də biz buna qarşı münasibətdə göstərməliyik ki, Avropa dairələri özlərinin irəli sürdükləri prinsiplərə xəyanət edirlər. Əslində idman yarışları sülh və əmin-amanlığa xidmət edir. Azərbaycanda qan tökülsəydi, böyük savaşlar getsəydi, guya “İŞİD”in cilovlanması üçün yaradılan koalisiyalar hücumlarını Azərbaycanın daxil olduğu regiona yönəltsəydilər, bu, daha yaxşı idi? Belə çıxır ki, ölkəmizin fəlakətli vəziyyəti o qüvvələrə lazımdır ki, humanitar missiya adı altında bu regionu sümürsünlər! Azərbaycanın indiki vəziyyəti, normal yarışların keçirilməsinə meydan verməsi, bu yarışların ağırlığını götürməsi fonunda Azərbaycana ən yüksək səviyyədə minnətdarlıq edilməlidir, bunun əvəzində belə xəyanətkar zərbələr almaq əslində Avropanın öz maraqlarına zərbədir. Yunanıstan səfirinin belə hərəkəti diplomatik münasibətlərin tələblərinə sığmır. O cümlədən, mən əminəm ki, o, tək deyil.

Başqa Avropa ölkələrinin nümayəndələri arasında da belə sinxron, koordinasiya olunmuş, bir mərkəzdən idarə edilən hərəkətlər var. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin təxribatda iştirakına gəlincə, Avropa İttifaqının davranışı son hadisə ilə yekunlaşmır. Bundan əvvəlki dövrdə Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirlərinin, təmsilçilərinin bəzən birlikdə müzakirə olunan məsələlər fonunda verdikləri qərarlar, həmçinin Avropa Parlamentində ölkəmiz əleyhinə demarşlar sübut edir ki, onları nə Avropa Oyunları, nə də gələcək siyasətləri maraqlandırmır.

Yeganə niyyətləri Azərbaycanı vassal kimi idarə etmək, Azərbaycanı Ukraynanın gününə salmaqdır. Nəticə etibarilə Azərbaycan bütün qərarlarını o mərkəzdən alsaydı, təzyiqləri tamam qəbul etsəydi, yəqin ki, görəcəkdik ki, onlar bizim meydanda necə dövlətimizin rəhbərliyi ilə yanaşı dayanır. Ona görə də Avropa Oyunları kimi tədbirlərin gələcəyi orada hansısa dövlətlərin rəhbərlərinin iştirak edib-etməməsindən asılı deyil. Azərbaycan özü bu xoşməramlı aksiyaya, dünyaya, idman siyasətinə, normal birgə yaşayışa, sülh və barışa öz töhfəsini verir. Ona görə də bu cür siyasi tryuklar, xəyanətkar addımlar Avropanın dırnaqarası demokratik sifətini hər kəsə göstərir. Bu, Azərbaycandan çox Avropanın maraqlarına zərbə vurur”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, normal məntiqlə bu addımları yozmaq çox çətindir: “O qədər bədxah, ikrah doğurucu hərəkətlər edirlər ki, insan bunu normal məntiqlə yozmaqda çətinlik çəkir. Çünki Azərbaycan bu qədər vəsait sərf edir və heç bir dövlət üzərinə götürmədiyi halda bu qədər ağırlığı öz çiyninə götürüb. Məsələn, Amerika Oyunları, Asiya Oyunları var, amma Avropa Oyunlarını təşkil etməyə heç bir Avropa dövlətinin cürəti çatmırdı. Azərbaycan bu cürəti özündə tapdı və bunu həyata keçirməyə başladı.

Artıq məlum olur ki, Azərbaycan Birinci Avropa Oyunlarını çox yüksək səviyyədə hazırlaya bilib. Açığını deyək ki, Yunanıstan heç vaxt Azərbaycana yumşaq münasibət bəsləməyib. Erməniləri sevən və Ermənistanın işğalını heç vaxt pisləməyən Yunanıstanın Azərbaycana münasibətdə hansı mövqeyi sərgiləyəcəyini bilmək o qədər də çətin deyil. Amma Avropa İttifaqının Bakı ofisinin bu cür ikrah doğurucu hərəkətləri təəccüb doğurur. Çünki Birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcəksə, bundan həm də Avropa İttifaqı, Avropa İttifaqının ofisi müəyyən xallar qazanacaq. Onların Avropa Oyunlarını pozmaq, oyunlar ətrafında şübhəli atmosfer formalaşmasına çalışmasını insani duyğularla, arqumentlərlə yozmaq çox çətindir. Bu, hədsiz dərəcədə pislənməyə layiq olan hərəkətdir.

Yunanıstanı bir kənara qoyuram, bir ölkədə oturub hansısa dəyərləri aşılamaq missiyasını həyata keçirməyi üzərinə götürmüş bir qurumun belə rəzil işlərlə məşğul olması insanlıq adına yaraşan işlər deyil. Üstəlik, bu prosesə Azərbaycana rəğbəti aydın hiss olunmayan dövlətləri də qoşmaq və o dövlətlərlə Azərbaycanın arasını daha da gərginləşdirmək xətti tutmaq ümumiyyətlə, beynəlxalq normalara sığışmayan hərəkətdir. Bu hərəkətlərin içərisində tək anti-Azərbaycan əməlləri sezilmir, həm də islamofobiya əməlləri də nəzərə çarpır. Görünür ki, müsəlman dövləti olan Azərbaycanda belə işlərin görülməsi bəzilərinin içindəki qurdları oyadıb və onları müxtəlif təxribatlara sövq edib. Azərbaycan dişini sıxıb, Avropa Oyunlarının sona çatmasına qədər əsəblərini möhkəm tutmalı, bu cür yaramaz hərəkətləri yada salmadan bütün gücünü oyunların uğurla keçməsinə sərf etməlidir”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə deyib ki, hər iki diplomatik nümayəndəliyin bu fəaliyyəti öz funksiyasını yerinə yetirməmək və sistemli təxribatdır: “Bu təxribat sistemli xarakter daşıyır və adicə bir səfirliyin məsələsi deyil. Bu, planlaşdırılmış və erməni lobbilərinin Avropadakı himayədarları ilə birgə çalışmaların nəticəsidir. Ona görə də biz - istər informasiya məkanında, istər sosial məkanda, istərsə də ictimai sektorda olan insanlar - son dərəcə diqqətli olmalıyıq. Ölkəmizə qarşı bu cür təxribatların üstünün açılmasında, vaxtında ifşa olunmasında, qarşısının alınmasında hər kəs öz imkanlarını, fədakarlığını ortaya qoymalıdır”.


Teqlər:





Xəbər lenti