“ATƏT-lə əməkdaşlığa yenidən baxıla bilər” - YAP

“ATƏT-lə əməkdaşlığa yenidən baxıla bilər” - YAP
  06 İyun 2015    Oxunub:2329
“Avropanın bəzi qurumaları istər Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə, istərsə də digər məsələlərlə əlaqədar ölkəmiz əleyhinə iş aparır. Xüsusilə Avropa parlamenti bu işdə canfəşanlıq nümayiş etdirir”.
Bu fikirləri AzVison.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

YAP rəsmisi qeyd edib ki, Avropa Parlamentində ayrı-ayrı ölkələrdən olan deputatlar erməni lobbisinin maliyyə dəstəyi ilə anti-Azərbaycan kampaniyası aparır.

“Hesab edirəm ki, onların hər biri ifşa olunacaq. Çünki, Azərbaycanın apardığı iş haqq işidir, ədalətlidir. Bu ədalətli işin qarşısını heç kəs ala və kölgə sala bilməz. Bu yaxınlarda Azərbaycanda diplomatik fəaliyyət göstərən bir neçə xarici ölkənin səfirinin də anti-Azərbaycan fəaliyyətinin şahidi olduq. Azərbaycanla bağlı düzgün olmayan informasiyaların yayılması, fikirlərin söylənilməsi ilə bağlı məsələ öz həllini tapacaq. Azərbaycan qarşısına qoyduğu məqsədə tam nail olacaq”.

YAP rəsmisi ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı məsələyədə münasibət bildirib: “ATƏT-in Bakı ofisi nümayəndəlik kimi fəaliyyət göstərir. Azərbaycan ATƏT-lə əməkdaşlıq edir. Bu yaxınlarda ATƏT sədri Azərbaycana səfər etmişdi. Biz onunla görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin həll olunması, həmsədlərin passivliyi ilə əlaqədar fikirlərimizi bildirdik. Hesab edirəm ki, gələcəkdə də ATƏT Azərbaycanla bağlı fəaliyyətini hazırkı kimi davam etdirsə, bu təşkilatla əməkdaşlığa yenidən baxıla bilər”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti