DİN-də geniş Kollegiya iclası keçirilib

DİN-də geniş Kollegiya iclası keçirilib
  07 İyun 2015    Oxunub:1613
Bu gün Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması” və “Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması” sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Daxili işlər naziri deyib ki, respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə mülkiyyət əleyhinə olan hüquqazidd əməllərlə mübarizədə idarəçiliyin təkmilləşdirilməsi daim diqqət mərkəzində olub. Mövcud kriminogen duruma toxunan nazir cari ilin 5 ayında da cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, keçən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən müddətdə ümumi cinayətlərin, o cümlədən şəxsiyyət və mülkiyyət əleyhinə olan hüquqazidd əməllərin açılmasının yaxşılaşdığını, bağlı qalmış cinayətlərin sayının isə azaldığını diqqətə çatdırıb.

Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski nəzərə çatdırıb ki, mülkiyyət əleyhinə cinayətlərin profilaktikasında Daxili İşlər Nazirliyinin informasiya sistemlərinin tətbiqinin də böyük rolu olub. “102” xidməti və “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər “isti izlərlə” açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə cari ildə mühafizəyə götürülmüş obyektlərin sayı 165, mənzillərin sayı isə 354 vahid artıb. Son il yarım ərzində qorunan 191 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 78 nəfər yaxalanıb. Bu və digər təşkilati tədbirlər mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizədə kriminogen durumun bütövlükdə nəzarətdə saxlanılmasını təmin edib.

Ailə-məişət münaqişəsi zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlər barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, son il yarım ərzində respublika üzrə açılması təmin edilmiş qəsdən adam öldürmə və ona cəhdlərin 54,2 faizi, həmçinin qəsdən sağlamlığa ağır və az ağır zərər vurmaların 70,4 faizi ailə münaqişəsi zəminində törədilib. Münaqişəli ailələr, qonşular və qohumlar arasında mülki öhdəçilik, qısqanclıq və digər səbəbdən olan uzunmüddətli ziddiyyətlərin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər müəyyənləşdirilərək həyata keçirilib, müvafiq maarifləndirmə işlərində İctimai Şura üzvlərinin imkanlarından istifadə olunub.

Eyni zamanda, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, əhali ilə əlaqələrin genişləndirilməsi, vətəndaşların, zorakılığa məruz qalmış şəxslərin polis sahə məntəqələrinə müraciət etməsinin asanlaşdırılması istiqamətində işlər davam etdirilib. Beynəlxalq təşkilatların məişət zorakılığı ilə bağlı respublikamızda keçirdikləri maarifləndirmə tədbirlərinə də nazirlik tərəfindən dəstək verilib, həmin tədbirlərdə digər xidmətlərlə yanaşı, polis sahə rəisləri və inspektorları da iştirak ediblər.

İclasa yekun vuran daxili işlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib. R. Usubov əmin olduğunu bildirib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən məsul vəzifələrin və Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqların öhdəsindən layiqincə gələcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək.


Teqlər:





Xəbər lenti