Deputatdan Əhəd Abıyevin hərəkətinə etiraz

Deputatdan Əhəd Abıyevin hərəkətinə etiraz
  08 İyun 2015    Oxunub:5340
Milli Məclisin deputatı Çingiz Qənizadə Daşkəsənin icra başçısı Əhəd Abıyevin AzVision.az-ın oxucularına qarşı etdiyi hörmətsizliyə etirazını bildirib.
Deputat icra başçısının və digər məmurların mətbuat nümayəndələrinə qarşı sayğısız davranışının yolverilməz olduğunu deyib.

AzVision.az-a açıqlamasında millət vəkili qeyd edib ki, Azərbaycanda bəzi məmurların jurnalistlərlə davranışı ürəkaçan deyil.

“Məmur nə qədər emosional bir vəziyyətdə olsa da, mətbuat qarşısında bunu gizlətməli və normal münasibət bəsləməlidir”.

Deputat məmurları ümummilli lider Heydər Əliyevdən nümunə götürməyə çağırıb: “Ölkəmizin ilk müstəqillik illərində Qarabağla bağlı xeyli təzyiq var idi və bu təzyiqlər dönəmində ulu öndər tədbirlərdən çıxan zaman jurnalistlərə sayğı, diqqət və mehribançılığını göstərirdi. Ulu öndər göstərirdi ki, jurnalistlə bu cür davranmaq lazımdır. İndi özünü ulu öndərin davamçısı hesab edən, onun ideyalarına xidmət edən, ayrı-ayrı məmurlar tərəfindən jurnalistlərə qarşı bu cür hadisələrin şahidi olanda narahat oluruq.

Xüsusi olaraq sizin əməkdaşların üzləşdiyi problem, icra başçısının jurnalistlərə qarşı sayğısızlığı birmənalı şəkildə qəbul edilən deyil. İcra başçısı bilməlidir ki, jurnalistlərə qarşı diqqətsizlik, hörmətsizlik edilməsi yolverilməz haldır”.

Millət vəkili hesab edir ki, bəzi məmurlar ölkə başçısı İlham Əliyevin jurnalistlərlə münasibətinə fikir versinlər və görsünlər ki, davamçılıq nədir: “Ölkə başçısı jurnalistlərə nə qədər diqqətlə, hörmətlə yanaşırsa, bu ulu öndərin davamçılığı deməkdir. Amma bəziləri sinəsinə ulu öndərin imzası olan nişanı taxırlar və cənab prezidenti həmin yerlərdə təmsil edirlər, anacaq jurnalistə qarşı etdikləri bu hərəkət başa düşülən deyil. Əminəm ki, növbəti tədbirlərin birində cənab prezident bu məsələyə də toxunacaq ki, jurnalistlərlə necə təmasda olmaq lazımdır”.

Ç.Qənizadə AzVision.az-ın üzləşdiyi xoşagəlməz hadisədən təsirləndiyini deyib: “Sizin redaksiyanın bir neçə əməkdaşının razılıq şəkilində Bakıdan xeyli uzaqlıqda yerləşən rayona ezam olunduqdan sonra o rayonda bu cür diqqətsizlik və hörmətsizliklə qarşılanması yolverilməzdir. Millət vəkili olaraq istirahət və bayram günlərin də telefonum jurnalistlər üçün açıqdır. Jurnalistlərlə əməkdaşlıq edirəm və bilirəm ki, sizin əziyyətiniz nədir. Hətta istirahət günləri də çalışırsız. Belə olanda bəlkə sizin emosiyanız bir az bizdən artıq olur. Ona görə də biz jurnalistlərə qarşı diqqət və hörmətlə yanaşmalıyıq. Hətta jurnalistlər bizim haqqımızda mənfi yazsa da belə, biz ona qarşı etikadan kənra fikir deyə bilmərik. Yaxşı olar ki, yazılmış faktla bağlı özümüz müzakirə edək görək ki, mənim harada nöqsan var ki, bunu yazıblar. Özümüz də düzəliş etməyə çalışaq. O baxımdan jurnalist məmur əməkdaşlığının normal qurulmasının tərəfdarıyam”.

Qeyd edək ki, bir neçə gün öncə AzVision.az-ın əməkdaşları Daşkəsənin icra başçısı Əhəd Abıyevin razılığı ilə ondan müsahibə almaq üçün bu rayona ezam olunmuşdular. Dəfələrlə telefonla əlaqə saxlayıb, razılıq almağımıza baxmayaraq, icra başçısı Daşkəsənə ezam olunam əməkdaşlarımıza qarşı hörmətsizlik edib, müsahibə verməkdən imtina etmişdi.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti