Özünü öldürənlərin kredit borcunu kim verəcək? - VİDEO
“Şəxs hər hansı səbəbdən intihar edirsə, onun banka olan borcunun qaytarılmasını sığorta şirkəti nəzərdə tutmur. Kredit götürən şəxs sərxoş halda, narkotik təsiri altında, yaxud qərəzli şəkildə, qəsdən törətdiyi qəza, hadisə nəticəsində sağlamlığını itirirsə, sığorta ödənişi edilmir”, – deyə sığorta şirkətinin nümayəndəsi Ramin Məmmədov bildirib.
Ağır xəstəlik nəticəsində əmək qabiliyyətinin itirilməsi, yaxud ölümlə bağlı da istisnalar var. Mütəxəssislər bildirir ki, əslində sığorta şirkətləri vətəndaşın həyatını sığortalamazdan əvvəl onun hansı xəstəlikləri olduğunu yoxlamalıdır.
Sağalmaz xəstələrin həyatı sığortalanmır. Amma təcrübədə sığorta şirkətləri hər kəsi ayrı-ayrılıqda müayinəyə göndərməkdənsə, onlara bir sorğu blankı doldurmağı təklif edir. İnsan daha əvvəl hər hansı xəstəlikdən əziyyət çəkib, bunu müqavilədə qeyd etməyibsə, bu da sığorta ödənişindən imtinaya səbəb ola bilər.
Sığorta şirkətinin nümayəndəsi Ramin Məmmədov qeyd edir ki, əgər şəxs ürək çatışmazlığından əziyyət çəkib, bunu müqavilədə qeyd etməyibsə belə, hadisə baş verərkən araşdırılır: “Əgər ölümün səbəbi məhz ürək çatışmazlığıdırsa, onda mümkündür ki, sığorta şirkəti ödəniş verməkdən imtina etsin”.
Sığorta şirkəti borcu qaytarmaqdan imtina etdikdə, bank bu öhdəliyi şəxsin əmlakı varsa, əmlakına yönəldir. Əks halda zaminlərdən, varislərdən bu, borc tələb olunur.
Teqlər: