Azərbaycanın tanınmış güləşçilərindən çağırış

Azərbaycanın tanınmış güləşçilərindən çağırış
  09 İyun 2015    Oxunub:1737
Azərbaycan yığmasının aparıcı güləşçiləri azarkeşlərə müraciət ediblər.
Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında fərqlənən pəhləvanlar azarkeşləri iyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları zamanı onları dəstək verməyə çağırıblar.

Olimpiya çempionu Toğrul Əsgərov bildirib ki, Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədi: “Biz bu yarışlarda birinci olmaq istəyirik. Siz də bizə dəstək olun. Dəstək olun ki, adımızı tarixə yazaq və Birinci Avropa Oyunlarında birinci olaq”.

Dünya və Avropa çempionu, London Olimpiadasının bürünc medalçısı Yuliya Ratkeviç də Avropa Oyunlarında uğur qazanacaqlarına inanır. O vurğulayıb ki, yarışda əsas məqsəd yalnız qızıl medal qazanmaqdı: “Azərbaycanlı güləşçilər öz döyüş qabiliyyəti, texnikası və digər keyfiyyətləri ilə öyünə bilərlər. Hansı ki, bunların hesabına təkcə olimpiadada deyil, həmçinin dünya və Avropa çempionatlarında medallar qazanıblar. Təkcə bürünc və gümüş deyil, qızıl medallar da əldə ediblər və onların sayı çox olub. İstərdim ki, Avropa Oyunlarında bizi təkcə digər ölkələrdən yox, həmçinin Azərbaycandan da həmişə dəstəkləsinlər”.

Yığmamızın və ölkəmizin ən titullu güləşçilərindən Mariya Stadnik də azarkeşlərdən dəstək istəyib: “Bu, birinci Avropa Oyunlarıdı. Biz istəyirik ki, öz ölkəmizi qürurla təmsil edək. Bizə sizin dəstəyiniz lazımdı. Gəlin və bizə azarkeşlik edin. Sizin dəstəyinizlə bayrağımızı qaldırıb, himnimizi səsləndirəcəyik. Bizim haqqımızda bütün Avropa danışacaq”.

Dünya və Avropa çempionatlarının qalibi Həsən Əliyev Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisə adlandırıb: “İstəyərəm ki, hər kəs gəlib, bizə dəstək olsun. Xalqımızın dəstək olması bizim üçün daha qürurvericidi. Onda bizə xalça üzərində daha da rahat olur. Hər kəsi bizə dəstək olmağa çağırıram”.

Tələbələr arasında Universiadanın çempionu, dünya və Avropa çempionatının mükafatçısı Rəsul Çunayev Avropa Oyunlarının Bakıda təşkil olunmasını yüksək qiymətləndirib. O bildirib ki, adlarını yarışın tarixinə qızıl hərflərlə yazdırmaq arzusundadılar: “Mən fəxr edirəm ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir. Bu ilk Avropa Oyunlarında mən də iştirak edəcəm. Xalqımıza səslənirəm ki, gəlsinlər, bizə dəstək olsunlar. Qızıl hərflərlə tarixi yazaq və qələbə hissini bir yerdə yaşayaq”.

İkiqat Avropa çempionu Cəbrayıl Həsənov da xalqımızdan dəstək istəyib. Azarkeşlərə səslənən idmançı qələbə sevincini onlarla birgə yaşamağı arzulayır: “Fəxr edirəm ki, Avropa Oyunları Azərbaycanda keçiriləcək. Mən də bu yarışda iştirak edirəm. Xalqımızdan dəstək gözləyirik. Gəlin, qələbə sevincini bir yerdə yaşayaq”.

Daha bir dünya çempionumuz, Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı Xetaq Qazyumov da azarkeşlərə qələbə söz verib. O bildirib ki, əsas məqsədləri yeni idman tariximizi azarkeşlərlə birgə yazmaqdı: “Çox şadam ki, birinci Avropa Oyunları Azərbaycanda keçirilir. Azarkeşlərdən xahiş edirəm ki, güləş zalına gəlib, bizi dəstəkləsinlər. Gəlin, tarixi hamımız bir yerdə yazaq”. (Apa)


Teqlər:





Xəbər lenti