Prezident xanımı ilə açılışlar etdi - FOTOLAR

Prezident xanımı ilə açılışlar etdi - FOTOLAR
  09 İyun 2015    Oxunub:2496
Bakıda, Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evində yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Evində birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları müzakirə ediləcək, qaliblərin şərəfinə bayramlar təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.

***
İyunun 8-dən Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.

***

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Dövlət Bayrağı Meydanı ərazisində yeni inşa edilən “Atelye 61” restoranı ilə tanış olublar.

Dövlətimizin başçısına məlumat verilib ki, Meksika mətbəxinin nümunələrinin təqdim olunacağı “Atelye 61”də qonaqlar həm də Latın Amerikası rəqslərini izləyə biləcəklər.

Son illərdə Dənizkənarı Milli Parkın genişləndirilməsi istiqamətində görülən işlər, Dövlət Bayrağı Meydanı, onun ətrafında həyata keçirilən abadlıq-quruculuq tədbirləri paytaxtımızın daha da gözəlləşməsinə, insanların rahatlığına xidmət edir və şəhər sakinlərində xoş təəssüratlar, dərin məmnunluq hissi yaradır. Yeni mədəniyyət və istirahət obyektlərinin açılışı isə şəhərimizi daha da gözəlləşdirir, ölkə sakinlərinin və paytaxtımıza gələn qonaqların istirahətini təmin etməklə yanaşı, respublikamızı turizm mərkəzi kimi tanıdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Avropa Oyunları Parkının qarşısında yaradılmış parkdakı şəraitlə tanış olublar.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 15,5 hektar olan parkda müasir suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti yolları salınıb, geniş yaşıllaşdırma işləri görülüb. Burada quraşdırılan fəvvarələr istirahətə gələnlərin zövqünü oxşayacaq. Park füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. Sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə parkda üç kafe yaradılıb.

Prezident İlham Əliyev “Park Land” kafesinin rəmzi açılışını bildirən lenti kəsdi.

Müasir tələblər səviyyəsində yaradılan bu iaşə obyektində müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün imkanlar var.

Bu istirahət ocağı da Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyası və keyfiyyətinin əyani göstəricilərindəndir. Parkda milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti