Əhəd Abıyevin diqqətinə: məmur belə işləməlidir...

Əhəd Abıyevin diqqətinə: məmur belə işləməlidir...
  09 İyun 2015    Oxunub:5230
Jurnalistin vəzifəsi dünyada, ölkədə baş verən hadisələr barədə insanları məlumatlandırmaq, vəzifə sahiblərinin fikirlərini, açıqlamalarını topluma çatdırmaqdırsa, məmurların da borcu KİV təmsilçiləri ilə normal ünsiyyətdə olmaqdır.

Təəssüf ki, bəzən yüksək vəzifə sahibləri daşıdıqları məsuliyyətin fərqinə varmadan jurnalistlərə qarşı kobudluq edir, hörmətsizlik nümayiş etdirir, hələ bu azmış kimi təhqirə də yol verirlər.

Bir neçə gün öncə Daşkəsənin icra başçısı Əhəd Abıyev AzVision.az-ın oxucularına qarşı hörmətsizlik etmişdi. “Saytın qonağı” layihəsi çərçivəsində öncədən Ə.Abıyevlə razılaşdırılan müsahibə Daşkəsəndə baş tutacaqdı. İcra başçısının razılığı ilə təyin edilən vaxtda bu rayona ezam olunan əməkdaşlarımıza Ə.Abıyev hörmətsizlik edərək son anda müsahibə verməkdən imtina etmişdi.

Məmurlar jurnalistlərlə necə işləməlidir?

Millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, məmur bilavasitə təmsil etdiyi qurumlarla bağlı məlumatı cəmiyyətə verməyə borcludur və bu, onların vəzifəsidir.

Deputatın sözlərinə görə, informasiya azadlığı haqqında qanunvericilik bunu onların üzərinə bir öhdəlik kimi qoyur: “Məxfilik daşımayan əksər məlumatlar cəmiyyət üçün əlçatan olmalıdır. Bunu həyata keçirən qüvvə ölkənin istənilən sıravi insanı deyil, birinci növbədə mediadır. Əslində hər bir məmur bilməlidir ki, mətbu orqanları onlarla cəmiyyət arasında ünsiyyət körpüsünü qurmağa çalışır. Belə olan təqdirdə görülmüş işləri cəmiyyətə çatdırmaq, onları məlumatladırmaq, gələcək işlərlə bağlı məlumat vermək lazımdır”.

Millət vəkili vurğulayıb ki, hər bir məmurun daşıdığı etik kodeks var və onunla bağlı qanunvericilik normaları mövcuddur: “Bizim dediklərimizin heç biri mənəviyyat kateqoriyasına aid məsələ deyil. Bununla da əlaqəli üzərlərinə müəyyən məsuliyyətlər götürüblər. Ölkə rəhbəri dəfələrlə keçirdiyi müşavirələrdə bu məsələlərə toxunub. Müxtəlif addımlar cəmiyyətə istənilən formada çatdırılmayanda, hökumətin müvafiq qurumları ilə bağlı problemlər dərinləşəndə, cəmiyyətdə o sahə ilə bağlı kütləvi şikayətlər olanda problemi ən yaxşı aradan qaldırmağın yolu mətbuat vasitəsilə problemləri bilmək, dəyərləndirmək və məsələnin üzərinə getməkdir. Bu yerdə informasiya vasitələri əslində problemlərin xəritəsini təqdim edən bir vasitə kimi meydanda olur”.

Z.Oruc əlavə edib ki, hər hansı bir məmur mediaya qarşı basqı göstərirsə, kiminsə haqqını tapdalayırsa, jurnalistə saymazyanalıqla davranırsa, təkcə özünü deyil, bütövlükdə təmsil etdiyi hökumət qurumunu gözdən salır, ona ictimai rəydə bir zərbələr gətirir, müxtəlif ittihamedici mülahizələrin, təhlillərin getməsinə təsir göstərir: “Atdığı addımın ümumi nəticəsini özü yaşasa da , vətəndaşın nəticəsi yalnız onun özünə aid osla da, məmur bilməlidir ki, o “public person”du və belə ictimai şəxslər üçün isə yazılmış qanunlar var. Cəmiyyət olaraq qəbul etməliyik ki, illərlə bir ailədə formalaşırsan, daha sonra yüksək təhsil alaraq gələcək dövrdə məmura çevrilmək istəyirsənsə, nəzərə almalısan ki, burada sənin şəxsi hüquqların, komplekslərin bir kənara qoyulur, orada artıq işə düşən Azərbaycan Respublikası qanunları və konstitusiyasıdır. Bu isə tələb edir ki, media ilə işləyəsən. Hər hansı məmur onun üçün tələb olunan məsələləri cəmiyyətə açmırsa, o dayandığı yerdə ölkəsinə zərbə vurmuş olur və hesab edirəm ki, onlara qarşı da sərt mövqe ilə bərabər qanunvericilik səviyyəsində müxtəlif inzibati və başqa xarakterli tədbirlər görülməlidir”.

Milli Məclisin deputatı Çingiz Qənizadə də Daşkəsənin icra başçısı Əhəd Abıyevin AzVision.az-ın oxucularına qarşı etdiyi hörmətsizliyə etirazını bildirib.

Deputat icra başçısının mətbuat nümayəndələrinə qarşı sayğısız davranışının yolverilməz olduğunu deyib. O, Əhəd Abıyev və digər məmurları jurnalistlərlə münasibətdə prezident İlham Əliyev və ümummilli lider Heydər Əliyevdən nümunə götürməyə çağırıb: “Ölkə başçısı jurnalistlərə nə qədər diqqətlə, hörmətlə yanaşırsa, bu ulu öndərin davamçılığı deməkdir. Amma bəziləri sinəsinə ulu öndərin imzası olan nişanı taxırlar və cənab prezidenti həmin yerlərdə təmsil edirlər, anacaq jurnalistə qarşı etdikləri bu hərəkət başa düşülən deyil. Əminəm ki, növbəti tədbirlərin birində cənab prezident bu məsələyə də toxunacaq ki, jurnalistlərlə necə təmasda olmaq lazımdır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti