Ərdoğanın uduzmasının səbəbi: `Avropa bezmişdi...` (Müsahibə)

Ərdoğanın uduzmasının səbəbi: `Avropa bezmişdi...` (Müsahibə)
  09 İyun 2015    Oxunub:5098
“Seçkilərdən sonra Türkiyə hökuməti ermənilərə güzəştə getsə, Azərbaycanla münasibətdə suallar yaranacaq”

Bunu AzVision.az-a müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

- Elxan müəllm, Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini necə şərh edərdiniz?

- Türkiyədə keçirilən parlament seçkilərinin 3 əsas nəticəsi oldu. Birinci, Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına hökumət formalaşdıra bilməyəcək və mütləq şəkildə koalisiyaya getməlidir. Halbuki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayırdı ki, koalisyon hökumətlər Türkiyəni uçuruma aparır, belə hökumətlər problemlərdən çıxış yolu deyil. Amma, indi özü məcbur qalaraq partiya liderlərindən birinə hökuməti formalaşdırmağa imkan verəcək. Bu hökumət isə yalnız koalisiya şəkilində formalaşdırılacaq. Çünki, AKP təkbaşına hökumət formalaşdırmaq üçün lazım olan 276 səsi toplaya bilmədi.

İkinci, seçkinin nəticələrinə görə, Ərdoğan Türkiyəni prezident respublikasına çevirmək hədəfinə çata bilməyəcək. Bunun üçün isə parlamentdə 330 mandat lazım idi iki, məsələ referenduma çıxarılsın. Bu da seçkinin ən ciddi nəticələrindən biridir.
Üçüncü nəticə odur ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq kürdlər partiya olaraq parlamentə düşdülər. Əgər əvvəllər radikal küdrlər hansısa solçu partiyanın tərkibində və müstəqil şəkildə parlamentdə təmsil olunurdularsa, bu seçkidə bariyeri keçərək 80 millət vəkili ilə güclü bir partiya halına gəldilər.

- Seçkinin nəticələri ilə bağlı fikirlərinizi açıqladınız. Maraqlıdır bundan sonra Türkiyədə hökumətin formalaşdırılması istiqamətində hansı addımlar atılacaq?

- Ərdoğan koalisyon hökumətin formalaşdırılması üçün Əhməd Davudoğluna tapşırıq verəcək. Davudoğlu da qarşıdakı 45 gün ərzində hər bir partiya ilə danışıqlar aparacaq. Hələlik hər üçü partiyanın (CHP, MHP, HDP) lideri bildirir ki, koalisiyada iştirak etməyəcəklər. Amma, mövqelər dəyişə bilər.

Hesab edirəm ki, daha çox AKP-MHP koalisiyası mümkündür, realdır. Çünki, MHP məsuliyyətli partiyadır və dövlətə hörməti var. Ona görə də bu məsuliyyətin altına girməyə razılaşa bilər.

Ancaq, MHP lideri qəti yox desə, AKP hökuməti formalaşdıra bilməsə, Ərdoğan məcbur qalcaq ki, hökuməti formalaşdırmağı CHP sədri Kamal Qılıcdaroğluna təqdim etsin. O, da bu işə həvəslidir. Ancaq, CHP AKP-siz koalisiya formalaşdırmaq üçün MHP və HDP ilə koalisiyaya getsin. Amma, heç cür MHP ilə HDP-nin bir arada olacağını təsəvvür etmirəm. Çünki, buna ehtimal azdır.

Heç bir koalisiya alınmasa, növbədənkənar parlament seçkiləri keçirilə bilər. Amma, bunun da nəticəyə təsir edəcəyini düşünmürəm. Çünki, növbədənkənar seçkilərin də nəticələri indikindən çox da fərqlənməyəcək və koalisyon hökumətin formalaşdırılması məsələsi yenidən gündəmə gələcək. Bütün hallarda partiyalar öz məsuliyyətlərini anlayaraq hansısa bir formada koalisyon hökumətin qurulmasına razılıq verəcəklər.

- Koalisyon hökumətin qurulması Türkiyə üçün nə vəd edir?

- Əslində Ərdoğan koalisyon hökumətlərin Türkiyəyə uğur gətirməməsi ilə bağlı fikirlərində haqldır. 80-90-cı illərdə Türkiyədə xeyli sayda koalisyon hökumətlər formalaşdırılıdı. Amma, bunlar Türkiyənin sosial-iqtisadi problemlərini həll edə bilmədi. Bu da təbiidir. Çünki koalisyon hökumətlərdə hər partiya yorğanı öz üzərinə çəkir. Ona görə də ümumi hədəflərə çatmaq olmur. Zənn etmirəm ki, yeni bir koalisyon hökumət qurulsa, bu Türkiyə qarşısında duran problemləri həll etmə iqtidarında olacaq.

- AKP-nin bu seçikidəki qalibiyyətini “Pirr Qələbəsi”nə bənzətmək olar?

- AKP seçkidən birinci partiya kimi çıxsa da hökuməti təkbaşına formalaşdıra bilmir. Ona görə də bu qalibiyyəti məğlubiyyət də saymaq olar. Çünki, HDP 10 faizlik bariyeri aşmasaydı, indi AKP təkbaşına hökumət qurardı və Ərdoğanın prezident respublikası məsələsinə “yaşıl işıq” yandırılmışdı. HDP-nin bariyeri aşması nəticəsində AKP-nin bütün planları pozuldu. Ona görə də bunu məğlubiyyət də saymaq olar. Normalda isə AKP birinci olduğuna görə qalib partiya sayılır. Nəzərə alsaq ki, AKP 13 ildir ki, iqtidardadır və Ərdoğan bütün seçkilərdə qələbə çalıb. Ancaq, AKP-nin bu qələbəsi elə məğlubiyyətə bərabərdir.

- AKP-nin seçkidə belə nəticə göstərməsinin səbəbi nədir?

- İnsanlar yorulub. AKP-nin müəyyən uğurları olub. Siyasi, iqtisadi, sosial sahələrdə Türkiyəyə yeniliklər gətirdi, insanların rifah halı yüksəldi. Amma, son illər Ərdoğanın bir çox məsələləri təkbaşına həll etmək istəyi insanların xoşuna gəlmədi.
HDP niyə 10 faizlik səddi keçə bildi? Bu yalnız kürdlərin ona verdiyi səs deyil. Çünki, seçkilərdə kürdlər toplam 5-6 faiz səs toplaya bilir. Seçicilər HDP-yə bəyəndikləri üçün yox, Ərdoğana etiraz etdikləri üçün səs verdilər. Onlar istəyirdilər ki, HDP bariyeri aşsın və AKP təkbaşına hökumət qura bilməsin. Seçkinin AKP üçün nəticələri insanların bu partiyadan yorulması, insanların dəyişiklik istəməsi ilə bağlamaq olar.

- Türkiyədə keçirilən seçkilərdə bariyeri aşaraq parlamentdə təmsil olunma haqqı qazanan HDP-nin Türkiyə-Ermənistan sərhədlərinin açılması və qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı verdikləri bəyanatları necə şərh edərdiniz?

- Kürdlər əvvələr də bu məsələləri qaldırırdılar. Ancaq, əvvələr az idilər. Ancaq, indi millət vəkillərinin sayını 44 nəfər artırıblar. Ona görə də səsləri gur gələcək. Yəqin ki, bunlar Ermənistanla sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını tələb edəcəklər. Digər tərəfdən Türkiyə tarixində ilk dəfə olaraq parlamentdə 3 erməni millət vəkili də düşüb. Bu o şəxslərdir ki, seçkidən öncədə Türkiyənin qondarma “erməni soyqırımı”nı tanımasını tələb edirdilər. Bu məsələlər gündəmə gətiriləcək. Amma, düşünmürəm ki, Türkiyə Azərbaycanla bağlı siyasətindən vaz keçsin. Çünki, bu məsələdə Türkiyə hökuməti güzəştə getsə, Azərbaycanla münasibətdə suallar yaranacaq. Necə ki, Sürix protokollarından sonra bu suallar yaranmışdı. Ancaq, bu məsələdə Türkiyə hökumətinin güzəştə gedəcəyini düşünmürəm. Çünki, Azərbaycan və Türkiyəni çox ciddi əməkdaşlıq birləşdirir. Eyni zamanda burada hərbi əməkdaşlıq amili də var. Türkiyə ilə Azərbaycan arasında son illər hərbi əməkdaşlıq çox inkişaf edib, görünməmiş sayda birgə hərbi təlimlər keçirilib. Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq türk ordusu Azərbaycanla strateji müttəfiqliyə sadiq qalacaq və istənilən hökumət bu amili almaq məsuliyyətindədir.

- Türkiyədəki seçkilərin nəticələrində beynəlxalq təsirlərin olma ehtimalı varmı?

- Əlbəttə, beynəlxalq təsirlər oldu. Belə ki, HDP Avropada da dəstəkləndi. Çünki, Avropa da kobud desək, Ərdoğandan bezmişdi. Ona görə də HDP Almaniyadan ikinci partiya kimi çıxdı. Yəni, bu partiyaya kənardan da ciddi dəstək vardı. Ehtimal etmək olar ki. Ciddi maliyyə dəstəyi də alıb. Eyni zamanda Ərdoğanın düşməni olan Fətullah Gülən də bu partiyaya dəstək verirdi. Çünki, o da çalışırdı ki, Ərdoğan təkbaşına hökumət qura bilməsin.

İndi yeni koalisyon hökumət Ərdoğana itaət etməyəcək. Ərdoğan prezident kimi indiyə qədər hökuməti yanında toplayırdı. Hətta belə mənzərə yaranırdı ki, sanki hökuməti Davudoğlu yox, Ərdoğan idarə edir. Eyni zamanda yeni hökumət “Paralel Yapı” əməliyyatlarına dəstək verməyəcək.

Beynəlxalq aləm yeni yaradılacaq koalisyon hökumətə dəstək verəcək ki, hökumət Ərdoğanın nəzarətində olmasın. Bu da əsasən Ərdoğanı zəiflətməyə yönəlmiş bir hədəfdir. Yəni, bu seçkidə bütün müxalif qüvvələr Ərdoğana qarşı birləşdilər. Nəticədə də Ərdoğan təkbaşına hakimiyyətini qoruya bilmədi. Bundan sonra isə Ərdoğan türkiyəni köhnə qaydalarla idarə edə bilməyəcək.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti