Sələfilər şeyxin Ramazan fətvasına qarşı

Sələfilər şeyxin Ramazan fətvasına qarşı
  10 İyun 2015    Oxunub:4522
“Ramazan ayının təqvimi yaşadığımız yerlə müəyyən edilməlidir. Bunun başqa ölkələrə uyğun olaraq tərtib edilməsi yolverilməzdir”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycanın sələfi təriqətinin lideri, “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov deyib.

O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvaya münasibət bildirərək qeyd edib ki, müqəddəs ayın başlanma tarixi hələ dəqiq bilinmir.

Q.Süleymanovun fikirincə, Ramazan təqvimini İranla uğunlaşdırmaq düzgün deyil: “Biz sələfilər öz ölkəmizdə müəyyənləşdirilən tarixlə Ramazan ayına start verəcəyik. Şeyx Allahşükür Paşazədənin Ramazan təqvimini İranla uyğunlaşdırması düzgün addım deyil. Bu il artıq Dini Komitə Ramazan ayı ilə bağlı Şamaxı rəsədxanasının açıqladığı təqvimi rəhbər tutacaq. Biz də orucumuzu rəsədxananın açıqladığı tarixlə tutacağıq. QMİ-nin indi açıqladığı vaxt təqribidir. Ramazan ayının başlamasını komitə nə vaxt elan etsə, biz də həmin tarixlə oruclarımızı tutacağıq. Bizi başqa ölkələr maraqlandırmır”.

Q.Süleymanov həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə münasibətlərinə aydınlıq gətirib: “Şeyxlə aramızda heç bir gərgin münasibət yoxdur. Hər şey normaldır”.

Qeyd edək ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Bildirilib ki, Ramazan ayının ilk günü bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 19-na və ya 20-nə) təsadüf edəcək.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov isə açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti