Əlillər Şəkiyə istirahətə getdi

Əlillər Şəkiyə istirahətə getdi
  10 İyun 2015    Oxunub:1629
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkili istiqamətində tədbirləri davam etdirir. Bu gün nazirlik 41 nəfər əlilliyi olan şəxsi xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında bu ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.

Onlardan artıq 596 nəfərinin qeyd olunan mərkəzlərə göndərilməsi təmin edilib. Ölkənin səfalı guşələrindəki istirahət və sağlamlıq mərkəzlərində əlilliyi olan şəxslərin istirahət günlərinin mənalı keçməsi üçün müvafiq tədbirlər proqramı həyata keçirilir. Onlar üçün müxtəlif növ idman yarışları (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino, futbol, voleybol və s.), viktorinalar, göldə balıq ovu, ətraf rayonlara və tarixi yerlərə gəzinti turları təşkil olunur, həmçinin onlar müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.

İstirahətə göndərilən əlilliyi olan şəxslər onların sosial təminatının mütəmadi gücləndirilməsinə, həmçinin yaz-yay aylarında ölkənin səfalı guşələrində istirahətlərinin təşkilinə görə dövlətimizin başçısına minnətdar olduqlarını vurğulayıblar.


Teqlər:





Xəbər lenti