Putinin səfəri Qarabağa nə vəd edir? - Şərh

Putinin səfəri Qarabağa nə vəd edir? - Şərh
  11 İyun 2015    Oxunub:5782
Rusiya prezidenti Vladimir Putin sabah I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Məlumatlara görə, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunacaq.

Siyasi analitiklərin fikrincə, bu görüş münaqişənin həllinə yeni impulslar verə bilər. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev Putinin Bakı səfərini şərh edərkən bildirib ki, Qarabağ münaqişəsi yaxın və orta müddətli perspektivdə həll oluna bilər.

Savelyev vurğulayıb ki, Dağlıq Qarabağ ətrafında işğal olunan torpaqlar Azərbaycana qaytarılmalıdır: “Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağ ətrafında yeddi rayon yaxın perspektivdə Azərbaycana qaytarılmalıdır, ortamüddətli perspektivdə isə bütün qaçqınlar Qarabağ ərazisinə qayıtmalı və bundan sonra legitim referendum keçirilməlidir. Yalnız Azərbaycan vətəndaşlarını qayıtdıqdan sonra Dağlıq Qarabağ statusunun həlli mümkündür”.

AzVison.az azərbaycanlı politoloqlardan Rusiya prezidentinin səfərindən gözləntilərini öyrənib. Politoloq Rasim Musabəyov AzVison.az-a açıqlamasında deyib ki, bir sıra ölkələrin I Avropa Oyunlarında yüksək səviyyədə iştirakdan boyun qaçırması fonunda Rusiyanın Azərbaycanla çox sıx əlaqələrinin olması, Soçi Olimpiadasının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını da nəzərə alsaq Vladimir Putinin oyunların açılışında iştiraka gəlməsi təbii və zəruridir.

Politoloq bildirib ki, belə səfərlər adətən ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir: “Deyə bilmərəm bu səfərin nəticəsi kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı bir qərarlar verilsin. Bunlar gözlənilmir. Amma, bu məsələ ətrafında müzakirələrin özü vacibdir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların dalana dirəndiyini qeyd edən politoloq hesab edir ki, həmsədrlik edən məmurlardan danışıqlar prosesinin irəliyə aparılmasını gözləmək çətindir: “Burada daha yüksək səviyyədə , həmsədr ölkələrin başçıları səviyyəsində danışıqlara bir impuls verilməlidir. Barak Obamanın belə addım atacağı gözlənilmir. O, bu məsələlərdən yaxasını kənara çəkib”.

R.Musabəyovun fikrincə, danışıqlar prosesinə impuls Fransa prezidenti Fransua Ollandan gələ bilər. Çünki, o, bu məsələdə maraqlıdır. Ermənistanın Rusiyanın cibində olduğunu nəzərə alsaq, biz Rusiyadan münaqişənin həlli ilə bağlı ciddi təşəbbüs və səylər gözləyirik.

Hesab edirəm ki, Vladimir Putinin səfəri zamanı münaqişə ətrafında çox vacib müzakirələr keçiriləcək”.

Politoloq Fikrət Sadıqov isə məsələ ilə bağlı AzVison.az-a açıqlamasında deyib ki, əgər hər hansı bir böyük dövlətin rəhbəri ilə görüşdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olsa idi, problem çoxdan həll olmuşdu: “Amma, digər reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyadan asılılığı böyükdür. Bu bağlılıq birbaşadır. Son zamanlar Azərbaycanın Rusiya münasibətlərinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi Dağlıq Qarabağ məsələsində öz rolunu oynaya bilər. Rusiya indi elə bir vəziyyətdədir ki, onun üçün Azərbaycanın dəstəyi kifayət qədər önəmlidir. Çünki, Azərbaycan beynəlxalq miqyaslı üstün bir oyunçuya çevrilir. Bunu Moskvada da yaxşı başa düşürlər. Bunun əvəzində Rusiya tərəfindən hər hansı bir güzəşt istisna deyil.

Bizim üçün Rusiya tərəfində güzəşt Ermənistana müəyyən təzyiqlərdir. Hesab edirəm ki, Rusiya prezidenti ilə yüksək səviyyədə görüş hansısa bir irəliləyişə gətirib çıxara bilər”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti