Rəsmi Bakı xarici siyasətinin prioritetlərini açıqladı

Rəsmi Bakı xarici siyasətinin prioritetlərini açıqladı
  11 İyun 2015    Oxunub:1680
“Azərbaycan kollektiv birliklərdə iştiraka bir az tənqidi yanaşır. Azərbaycan daha çox ikitərəfli və qarşılıqlı fayda verən partnyorluq əsasında qurulan əməkdaşlıqlara üstünlük verir”.
AzVision.az xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib. Onun sözlərinə görə, SSRİ dağılanda Azərbaycanın qarşısında 3 əsas rol var idi:

"Ya potsovet məkanındakı ölkələrlə inteqrasiya etmək, ikincisi qərbə inteqrasiya etmək, üçüncüsü isə Asiya ölkələrinin yaratdığı qoşulmamaq hərakatı daxilində neytral mövqe tutmaq. 1995-ci ildə konstitusiyada Azərbaycan öz inkişaf yolunu və modelini müəyyən etdi. Artıq Azərbaycan nə Qərb, nə Şərq nə Rusiya nə də ki, digər istiqamətlərdə inteqrasiya yox,Azərbaycan öz yolunu seçərək milli maraqlarına uyğun fəaliyyət yolunu seçdi. Ölkə başçısı o yolu özü davam etdirir. Bu yol balanslaşdırılmış, dövlətlərimizin maraqlarına cavab verən qarşılıqlı maraq doğuran siyasətdir.

Son dövrlərdə Azərbaycana bəzi birliklərə qoşulması ilə bağlı müdaxilələr var. Avropa İitifaqı Azərbaycana qonşuluq siyasəti üzrə kollektiv sazişə qoşulmağa çağırır digər tərəfdən Avrasiya İqtisadi Birliyi tərəfindən. Asiya ölkələri Qoşulmama hərəkatı tərəfindən cəlbedici təkliflər var. Bu hər üç yolun yaşamaq hüququ var. Bir daha deyirik ki, biz öz maraqlarımıza və digərlərinin maraqlarına ziyan vurmamaqla İran, ABŞ, Türkiyə, İsrail, həm Qərb həm də Rusiya ilə əməkdaşlıq edirik. Bu daha doğru yoldur və biz bu yolla gedirik. Bu Avrasiya məkanında ən doğru yoldur və biz də onunla gedirik”.

“Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq” - deyən Ə. Həsənov bildirib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır:

"İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, “The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.

Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun".

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti