“Bu tamamilə yanlışdır” - Kemerona açıq məktub
Kemerona məktub ünvanlayan Qven Börçel, son zamanlar Britaniya mediasının Azərbaycana qarşı düşmən münasibətini kəskin tənqid edib. Bununla yanaşı, Qven Börçel Deyvid Kemeronun Azərbaycanda keçiriləcək yarışlara gəlməməklə həm də öz ölkəsinin komandasının bu oyunlarda iştirak etmək üçün illərdir çəkdiyi zəhməti də yerə vurduğunu bildirib.
Məktubun orijinalını BURADAN oxumaq olar.
AzVision.az Azərbaycana Birgə Yardım Təşkilatının direktorunun baş nazirə yazdığı həmin məktubu təqdim edir.
“Hörmətli Cənab Kemeron
Sizin 2015-ci il, 12 iyun tarixində keçiriləcək Birinci Avropa Oyunlarının açılışında iştirak etməyəcəyinizi eşidəndə məyus oldum.
Mən, Britaniya cəmiyyəti üçün təhsil, səhiyyə, sosial xidmətlər sahəsində tətbiq edilən bütün növ güzəştlərdən faydalanmış, vətəndaşlar arasında qarşılıqlı etimadın mövcud olduğu, inkişaf etməkdə olan bir cəmiyyətdə doğulub-böyümüş Britaniya vətəndaşıyam. İndi anlayıram ki, qarşılıqlı etimadın mövcud olduğu bu cür cəmiyyətlər çox azdır. Artıq 18 ildir ki, Azərbaycanda yaşayır və işləyirəm. Burada olduğum müddətdə Azərbaycanın mədəniyyətini dərindən öyrənmək imkanım olub. Hər iki ölkənin mədəniyyətinə bələd bir insan kimi Böyük Britaniyanın Avropa Oyunlarında yüksək səviyyədə təmsil olunmaması məni təəccübləndirir.
Demokratiya və insan haqlarınının mövcudluğunu çox asanlıqla sezmək mümkündür və burada olduğum müddətdə Beynəlxalq Britaniya mediasının Azərbaycana qarşı artan düşmən münasibətini gördüm. Halbuki, şəxsi təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycana qarşı bu cür münasibət tamamilə yanlışdır.
Sizə hansısa xüsusi bir rejimin doğru və ya yanlışlarını tənqid etmək məqsədilə yazmıram – heç kim mükəmməl deyil - lakin Britaniyanı tərkibi məhz Britaniya vətəndaşlarından ibarət olan və 2-3 ildir bu oyunlara böyük həvəslə hazırlaşan bir komanda təmsil edəcəyi halda, üstəlik bu oyunlarda ölkəmiz yüksək perspektiv əldə edə biləcəyi halda, sizin Avropa Oyunlarında iştirak etməməyinizə heç bir məna verə bilmirəm.
Mən müsbət istiqamətdə atılan istənilən addımın iqtisadi, siyasi və sosial gedişlər baxımından əsas rol oynadığına inanıram. Oyunlarda iştirak etməməyiniz, sizinlə hazırda iqtisadi əməkdaşlıq quran və bunu inkişaf etdirməkdə maraqlı olan bir ölkə ilə səmərəli münasibətlərin yaradılması baxımından olduqca neqativ mesaj deməkdir.
Hələ Azərbaycanda yaşadığım ilk vaxtlarda, atam neft sənayesində qazandığı uzunmüddətli təcrübəsinə və İslam mədəniyyətindən təsirlənən ölkələrlə qurduğu işgüzar münasibətlərə əsasən mənə bir neçə dəyərli məsləhət vermişdi: apardığın danışıqların hər zaman qarşılıqlı mənfəət zəminində olmasına çalış – qarşı tərəfin nüfuzdan düşməsinə izin vermə. Bir çox yerli və xarici dostlarım arzularımı həyata keçirə bilməyəcəyimi söyləsələr də, aldığım məsləhətlər mənə güclü bir təşkilat qurmaqda kömək etdi.
Əsas odur ki, dünyanın istənilən yerində dəyişikliyə və inkişafa nail olmaq üçün interaktiv danışıqlar aparmaığı və birlikdə çalışmağı bacarasan. Mükəmməllik təkcə mövcudluq və qarşılıqlı təsirin vəhdətini deyil, həm də bir dövlət başçısına layiq cəsarət və qətiyyəti nəzərdə tutur. Rejimin dəyişməsi ilə inkişafı arasında böyük fərq var”.
Səbinə Həsənova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


