Rövnəq Abdullayev "Statoil"in direktoru ilə görüşüb
SOCAR və “Statoil” arasında uzunmüddətli əməkdaşlıq münasibətlərindən söz açan R. Abdullayev Xəzər hövzəsindən hasil olunan neftin və qazın dünya bazarlarına şaxələndirilmiş marşrutlar üzrə çıxarılmasına imkan verən ixrac neft və qaz kəmərləri sisteminin qısa müddətdə yaradıldığını və uğurla fəaliyyət göstərdiyini bildirib. O, son illər “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində və SOCAR-ın müstəqil işlədiyi yataqlarda görülən tədbirlər nəticəsində ölkəmizin böyük nailiyyətlər qazandığını vurğulayıb. Bildirilib ki, “Statoil” “Şahdəniz” layihəsini tərk etsə də, “Azəri-Çıraq-Günəşli” və digər layihələrdə SOCAR-ın əsas tərəfdaşlarından biri olaraq qalır.
“Statoil”un baş icraçı direktoru rəhbərlik etdiyi şirkətin Azərbaycandakı fəaliyyətindən danışıb və yaradılmış şəraitə görə təşəkkürünü bildirib. O, “Şahdəniz” layihəsini yüksək qiymətləndirərək, Avropanın enerji təhlükəsizliyində bu layihənin böyük rol oynadığını qeyd edib.
E. Saetre Azərbaycan Qaz Təchizatı Şirkəti və Cənubi Qafqaz Boru Kəməri Şirkətinin operatorluğunu üzərinə götürdüyünə görə SOCAR-a təşəkkürünü bildirib və yüksək peşəkarlıq səviyyəsinə malik SOCAR komandasının bu işin öhdəsindən layiqincə gələcəyinə inandığını söyləyib. O, AÇG və Azərbaycanda iştirakçısı olduqları digər layihələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini vurğulayıb, SOCAR-a müvəffəqiyyətlər arzulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Teqlər: