`Açılış mərasimi möhtəşəm idi` - Partiya sədrləri

`Açılış mərasimi möhtəşəm idi` - Partiya sədrləri
  13 İyun 2015    Oxunub:4506
Ötən gün I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub. Açılış mərasimindən ölkənin siyasi elitası da iştirak edib.
AzVision.az açılış mərasimi ilə bağlı partiya sədrlərinin təəssüratlarını öyrənib.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə açılış mərasiminin möhtəşəm olduğunu deyib:

“Çox möhtəşəm bir açılış idi. Bu tədbirdə dünya dəyərləri ilə yanaşı Azərbaycan mədəniyyəti öz əksini tapmışdı. Azərbaycan hətta tarixi abidələrimizi də çox incə şəkildə təqdim olunmuşdu. Belə bir hadisə Avropa Oyunlarının açılış mərasimlərinin çox yüksək standartını müəyyənləşdirdi. Hesab edirəm ki, bunu təkrar etmək gələcəkdə bu oyunlara ev sahibliyi edəcək ölkələr üçün çox çətin olacaq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev açılışda təəccübləndiyini dilə gətirib.

“Açığı, yaxşı mənada çox təəccübləndim. Çünki, qısa müddət ərzində Avropa Oyunlarının Təşkilat Komitəsi Mehriban Əliyevanın sədrliyi ilə belə möhtəşəm bir iş görüblər. Həm açılış mərasimin təşkili, həm idman obyektlərinin tikintisi, hüquq mühafizə orqanları sisteminin, məmərların hamısının saat mexanizmi kimi işləməsi, qonaqların qarşılanması mərasimi çox yüksək səviyyədədir.

Açılış mərasimi Azərbaycançılıq fəlsəfəsinin ortaya qoyurdu. Eyni zamanda dünyanın yaranması, dörd ünsür, Novruz Bayramının bəşəri element kimi təqdimatı çox gözəl idi. Həmçinin xarici dövlət başçılarının açılış mərasimində iştirakı, xalqımızın oyunlara dəstək verməsi göstərdi ki, Azərbaycan həddən artıq irəli getmiş bir ölkədir və biz istənilən tədbirə ev sahibliyi etmək iqtidarına malikdir. Açılış mərasimi münasibəti ilə bütün xalqımızı təbrik edirəm”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə təəssüratlarını belə ifadə edib:

“Açılış mərasimi çox möhtəşəm idi. Qürurverici, fərəh doğurucu bir təqdimat idi. Əminəm ki, açılışı izləyən hər bir tamaşaçı Azərbaycana valeh oldu. Bununla da biz Azərbaycan dövlətinin imkanlarını, gücünü dünyaya nümayiş etdirdi. Buna görə biz Azərbaycan prezidenti İlham Əliyevə minnətdar olmalıyıq. Çünki, belə bir sevinci bizə yaşatmaqla bərabər, dövlətimizi dünyaya tanıtmaq baxımından çox mühüm bir addım atdı. Eyni zamanda Avropa Oyunlarının Təşkilat Komitəsi sədri Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti vurğulanmalıdır. Arzu edirəm ki, idmançılarımızın qələbəsi Azərbaycanımıza daha böyük sevinc gətirsin”.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu açılış mərasimindən razı qaldığını bildirib:

“I Avropa Oyunlarının açılışı bir qitə oyunlarının təşkilatı çərçivəsindən kənara çıxaraq, sanki dünya olimpiadasının açılışı idi. Yəni çox yüksək səviyyədə təşkil olunmuşdu. Eyni zamanda bu mərasim sanki mədəniyyət yarışmasının açılışı idi. Buna çox sevindim. Azərbaycan miniatürləri, Qobustan Qayaları, “Sarı Gəlin” kimi çox ciddi mədəniyyətimizin simvolları o qədər yüksək, ilahi bir şəkildə təqdim olunmuşdu ki, həddən artıq razı qaldım”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə: “Tək kəlimə ilə möhtəşəm idi. I Avropa Oyunlarının açılış mərasimi çox gözəl və milli üslubda təşkil olunmuşdu. Yəni, çox orjinal idi. Düzü belə bir açılışı gözləmirdim”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti