`Tarixə möhür vurduq` - Redaktorlar Açılış Şousu haqqında

`Tarixə möhür vurduq` - Redaktorlar Açılış Şousu haqqında
  14 İyun 2015    Oxunub:9044
İyunun 12-də I Avropa Oyunlarının möhtəşəm açılış mərasimini canlı izləyən aparıcı kütləvi informasiya vasitələri rəhbərləri təəssüratlarını AzVison.az-la bölüşüblər.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu açılış mərasiminin əfsanəvi, nağılabənzər olacağını gözləmədiyini etiraf edib.

“Hər bir insan belə bir möhtəşəm açılış mərasimini gözləyirdi. Amma, belə əfsanəvi, nağılabənzər olacağını heç kəs gözləmirdi. İnsanlar sözün həqiqi mənasında təəccüb keçirdilər, heyran oldular. Bu heyranlıq açılış mərasimini canlı izləyən hər bir azərbaycanlının, xarici qonağın gözlərində oxunurdu. Bir Azərbaycan vətəndaşı kimi bu mənzərədən qürur duydum. Hər dəfə səhnədə quraşdırılan dekorasiya dəyişdiriləndə yeni bir möcüzə gözləyirdik. Azərbaycanın nə qədər qədim keçmişə, tarixə malik olduğu açılış mərasimində dünyaya təqdim olundu.

Açılış mərasimində həm yüksək ağıl, həm intellekt, həm də xalqa sevgi var idi. Bu anları yaşatdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edirəm. Hesab edirəm ki, bu anlar hələ uzun müddət insanların canlı yaddaşında yaşayacaq və Azərbaycanın şanlı tarix səhifələrindən biri kimi yadda qalacaq”.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyevun fikrincə, “Bakı 2015” I Avropa Oyunlarının açılışı Azərbaycanı dünyaya möhtəşəm şəkildə təqdim etdi.

“Azərbaycan bu tədbirlə Avropa tarixinə öz möhürünü vurdu. Hesab edirəm ki, bu möhür təkrarlanmayacaq. Əminəm ki, bundan sonra digər ölkələrdə təşkil olunacaq Avropa Oyunları Azərbaycandakı möhtəşəmliyini təkrarlaya bilməyəcək. I Avropa Oyunlarının başlama ərəfəsində bəzi qərəzli dövlətlər, beynəlxalq təşkilatlar, insanların qərəzlərini ortaya qoyaraq I Avropa Oyunlarının əhəmiyyətini dünyada azaltmaq naminə mübarizələri öz bəhrəsini verə bilmədi. Azərbaycana qarşı təşkil olunan güclü qara piar kampaniyasına, idman oyununu siyasətə çevirənlərə möhtəşəm açılışla lazımı cavab verdik. Bu tədbir onu həm canlı, həm də televiziya ekranlarından izləyənlərə böyük zövq yaşatdı. Azərbaycan belə möhtəşəm açılışla Avropa Oyunlarının modelini təqdim edə bildi”.

"APA Holdiqn"in rəhbəri Vüsalə Mahirqızı Avropa Oyunlarının açılışında iştirak etdiyini və bu mərasimdən qürur duyduğunu söyləyib: “Belə bir açılışdan qürur duydum. Yəni, bu mənzərəni izləyib, ancaq qürur duymaq olardı. Mərasimdə hər şey Azərbaycanın tarixini, insanını, tolerantlığını, mədəniyyətini göstərməyə, bizi Qarabağa daha da yaxınlaşdırmağa indekslənmişdi. Bu möhtəşəm anları yaşadanlara, yaradanlara minnətdaram!

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə təəssüratlarını belə ifadə edib: “I Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm təşkil olunmuşdu və dünya idman tarixinə düşdü. Mərasim özündə həm Azərbaycan tarixini, mədəniyyəti, incəsənətini, adət-ənənəsini, qədimliyini özündə əks etdirirdi. Hesab edirəm ki, dünyaya böyük töhfələr verən Azərbaycanın milli dəyərlərinin, tolerantlığının əks etdirilməsi baxımından da açılış böyük əhəmiyyət kəsb etdi”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, açılış mərasimi yaddaşında parlaq iz buraxıb. “Ekspozisiyalarda Azərbaycanın milli xüsusiyyətlərinin nəzərə alınması, ölkəmizin dünya ilə inteqrasiya səylərini nümayiş etdirən elementlər yerində seçilmişdi. Mərasim bitkin bir sənət əsərinə bənzəyirdi. Bu açılış mərasimi Azərbaycanın bir tarix olaraq haradan başladığını, hansı inkişaf mərhələsinə gəlib çatdığını və bu gün dünyada hansı mövqeyə sahib olmağı baxımından əvəzsiz bir tədbir idi”

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, açılış mərasimində istifadə olunan bütün kompazisiyaların hər biri tamamilə Azərbaycana məxsus idi: “Qənaətimə görə, hələ dünya miqyasında belə açılış mərasimi olmayıb. Ümumiyyətlə, hər şey möhtəşəm idi. Hesab edirəm ki, əlavə hər hansı bir ifadə işlətmək yerinə düşməzdi. Hesab edirəm ki, bu mərasim dünya məsəniyyətinin tarixinə düşəcək. Bu anları yaşadıqca azərbaycanlı olmağımla qürur duydum”.

Qeyd edək ki, iyunun 12-də I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutub. Açılış mərasimindən ölkənin siyasi elitası da iştirak edib. Mərasimin təşkili üçün 100 milyon manatdan çox vəsait xərclənib.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti