Azərbaycanda 4 min nəfər adını dəyişmək istəyir
Bəzən uşaqlara həm gülməli, həmdə heç bir məna daşımayan adlar verilir ki, bu həmin insanın gələcəkdə əməlli başlı-başına problem açır. İstər psixoloji baxımdan, istərsə də onun bir şəxsiyyət kimi formalaşmasında. Bəzi adlar 2 və ya daha artıq sözdən ibarət olur. Elə ailələr də var ki, qız uşaqlarının doğulmasına etiraz əlaməti olaraq körpələrinə Qızbəs, Qızyetər, Yetər, Kifayət və sair adlar verirlər. Amma elm də sübut edib ki, adların insan həyatına bilavasitə təsiri var. Hər bir ismin səs vibrasiyası olur ki,o beynin müxtəlif hissələrində qıcıqlanmalar yaradır.
Kulturoloq Aydınxan Əbilov bu barədə ANS TV-yə danışıb: "İnsanlar öz ata –babalarının adlarını yaşatmaq üçün övladlarına qədimi adlar qoyurlar. Amma gələcəyi düşünmürlər. İki sözdən ibarət olan adların özləri də texnoloji baxımdan vaxt və enerji sərf edir".
XX əsrin 70-ci illərinədək daha çox Xanbaba, Nənəxanım və digər mürəkkəb adlara üstünlük verilsə də, daha sonra nisbətən sadə Aydın, Aytac, Zəhra, Yusif və sair kimi adlara daha çox rast gəlinirdi. Adlarını dəyişdirmək istəyənlər qeydiyyatda olduğu rayonun yerli qeydiyyat şöbələrinə və yaxud daha asan yolla, ölkədə fəaliyyət göstərən ASAN xidmətə müraciət edə bilərlər. Həmin ərizəyə vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd, tərcümeyi hal, doğum haqqında şəhadətnamə, evlidirsə nikah haqqında şəhadətnamə, işləyirsə iş yerindən arayış və iki ədəd fotoşəkil daxildir. Əksər hallarda bu müraciətə müsbət cavab verilə bilər. Lakin bəzən adlarını dəyişdirmək istəyənlərə yox deyilə bilər.
Hüquqşünas Tahir Əlirzayev bildirdi ki, qeydiyyat orqanı ərazi üzrə polis şöbələrinə sorğu göndərir. Bu sorğu əsasında həmin şəxsin cinayət işində günahı olub –olmaması araşdırılır.
Statistik məlumatlar da göstərir ki, ad və soyadların dəyişdirilməsi ilə bağlı müraciətlərin sayı daha da artb. Belə ki qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı son 1 ildə 4 minədək müraciət daxil olub ki, həmin şəxslərin də istəkləri təmin edilib. Əksər vətəndaşlar Sovet dönəmindən miras qalmış soyad sonluqlarından qurtulmaq istəyir. Adların dəyişdirilməsini istəyənlərin də sayı az deyil. Ona görə də ad seçilərkən onun mənasına xüsusi diqqət yetirilməlidir. Düzgün seçilmiş ad həm bu dünyada, həm də axirətdə etibarlıdır. Odur ki, övladlarınıza mənalı və gözəl adlar seçin ki, onlar gələcəkdə öz isminə görə problemlərlə üzləşməsin. Əvvəlcə ad ona yaraşsın sonra da o ada!







Vaxtında, Aydın, Lazımlı!


