Avropa Oyunları, Avropanın oyunları və Lider TV

Avropa Oyunları, Avropanın oyunları və Lider TV
  17 İyun 2015    Oxunub:6233
Səməd Canbaxşıyev

Avropada bir kabus dolanmaqdadır və bütün krallar, hersoqlar bu kabusa qarşı mübarizəyə başlayıb... Yəqin, köhnə və savadlı adamlar ifadənın davamını yaxşı bilir. Kommunizmin ideoloqu Karl Marksın bu kəlamı deyəsən, hələ də aktuallığını itirməyib. Sözün yaxşı mənasında işlənən bu “kabus” Marks üçün Kommunizm idisə, indi deyəsən, Avropanın gözlərində bu “Kabus” Azərbaycan olub. Lap dəqiqi isə, Azərbaycanda keçirilən Avropa Oyunları.


Adama qəribə gəlir ki, Orta və Yaxın Şərqi bir-birinə qatan, dünyanın neçə-neçə güclü dövlətini diz üstə çökdürən Avropa niyə bu oyunlardan qorxur? Lap Kərbəlayi İsmayıl demiş, “Qorxmur ee, üyüdür...” Soruşan yoxdur ki, balam, nəyi pisdir? Bəlkə, vətəndaşlarının gəlib müftə-müsəlləm yeyib-içməsi, isti yay günlərində Xəzərin sahilində dincəlməsi onları narahat edir? Axı adamlar qayıdıb öz ölkələrində Azərbaycan qonaqpərvərliyindən, istiqanlığından, Avropanın süni şəkildə yaratdığı problemlərdən danışacaqlar. Onlar isə Azərbaycanın belə tanınmasını istəmirlər axı...

Nə isə, bu, onların öz şəxsi işi və siyasətidir. Amma daha maraqlısı onların dəyirmanına su tökən “özümüzünkülər”, “100 qram arağa, bir kruşka pivəyə” görə ölkənin uğurlarına kölgə salmağa çalışan adamcığazlardır. Keçim konkret söhbətə - Lider TV-yə özünü londonlu kimi təqdim edən azərbaycanlıya.

Vəziyyət belədir. Adamın adı sən demə tamam başqa imiş, amma ona səmimi şəkildə yaxınlaşıb müraciət edən jurnalistə özünü Ceyms Boner kimi təqdim edir. Başlayır ingiliscə danışmağa. Səmimi biri olan Lider TV-nin müxbiri onu əcnəbi kimi qəbul edir. Adamın fikirləri də efirdə yayımlanır. Bu isə artıq özünün internet saytında adını “alternativ tv” adlandıran bir “Muxtarın televiziyasının” (bu televizyanın adını köhnə AzTV-çilər yaxşı bilir) hədəfinə çevrilir. Guya ki, Lider TV Avropa Oyunlarını düz təbliğ etmir.

İndi bu canfəşanlara sual olunur: bu hadisədə dəhşətli nə var? Adam ingisicə də olsa belə, nəsə pis bir şey deməyib ki? Verdiyi müsahibə də Azərbaycan dilinə olduğu kimi tərcümə edilib. Tərcümə düz deyil? Sözlər təhrif olunub? Bu, onun şəxsi problemidir ki, öz milli mənsubiyyətini gizlədib. Yəni özünü danıb. Burda Lider Tv nin müxbirinin nə günahı? Axı müxbir o adamı heç nəyə məcbur etməyib! İnsan niyə hansısa televiziyaya çıxmaq üçün öz adını, soyadını danır? Bunu ancaq xüsusi şəkildə öyrədilmiş adamlar edə bilər.

Görünür, onun və himayədarlarının hədəfi düzgün seçmədiyi ağıllarına belə gəlməyib. Avropanın quyruğundan sallanıb ölkəmizin uğurlarına qara yaxmağa çalışanların Lider Tv-ni hədəf seçməsi sadəcə fiaskodur. Çünki Lider Tv-nin yarandığı gündən yalnız bir üzü və bir sözü olduğu hamıya məlumdur. Bu da Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə sadiqliyi və ölkənin uğurlarına, iqtisadi inkişafına işıq tutmasıdır.

Lider Tv bayağı şoulara, kiminsə şəxsi problemlərinə saatlarla efir vaxtı ayırıb, fırıldaqçılıqla məşğul olmur. Təqdim edilən materiallar da peşəkarlıqla, jurnalistikanın prinsipləri gözlənilməklə hazırlanır. Kimsə Lider Tv-nin hesabına özünə reytinq yığımaq, daldalandığı qaranlıq guşələrdən onun hesabına gün işiğına çıxmaq, sosial şəbəkələrdə gündəmdə qalmaq istəyirsə, yanılır. Çünki yenə də, istənilən halda Lider Tv-nin adı onlardan daha çox hallanır. Çünki bu televiziya böyükdür. Böyüklərin isə kölgəsində dolanan çırtdanların ona heç bir ziyanı dəyə bilməz.

Təbiətin qanunudur, böyük balinaların yanlarında kiçik balıqlar üzür. Onların işi bu balinaların hesabına həm daha təhlükəli düşməndən daldalanmaq, həm də nəhənglərin üstündəki tullantıları təmizləməkdir.

Bir də, görəsən, Lider Tv-nin o müxbiri cəbhə bölgəsindən, düşmənlə üz-üzə mövqələrdən güllələr altında süjetlər hazırlayanda “altenativ” tv-ciklər harada idilər? Niyə hansısa hissələri kəsib paylaşmadılar?

Nə isə. Onsuz da Avropa Oyunları da davam edəcək, ona verilən qiymət də daha obyektiv olacaq. Lakin bu cür hadisələrin fonunda bir şeyi unutmaq olmaz. Sosial şəbəkələrdə başqa ad altında gizlənib, hansısa əcnəbi ölkənin xüsusi xidmət orqanlarına xidmət edən 5-6 adamın “like”-na güvənib, dedi–qodu ilə məşğul olmaq ən azından öz ölkənə xəyanətdir. Yenə də, müxtəlif tərəflərdə dayansaq da, bizi birləşdirən Azərbaycandır, Avropa yox... Bir az ciddi olun.


Teqlər:  





Xəbər lenti