Çingiz Əsgərov: `Çıraqovlarla bağlı qərar bizim üçün faydalı olacaq`
Bu fikirləri AzVison.az-a Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç. Əsgərovun fikrincə, məhkəmənin qərarına görə, hüquqi cəhətdən Ermənistan Azərbaycanın nəinki Dağlıq Qarabağ, hətta ətraf 7 rayonun işğalına görə məsuliyyət daşıyır.
“Yəni, bu əraziləri Ermənistan işğal edib və indiki vəziyyətə görə məsuliyyət daşıyır. Ona görə də bu qərar Azərbaycan üçün çox önəmlidir. Siyasi müzakirələrdə, danışıqlar prosesində bu qərar Azərbaycan üçün faydalı olacaq. Hər bir iclasda, müzakirədə bu istifadə olunmalıdır. Qərar siyasi cəhətdən önəmli bir məsələyə çevriləcək”.
Ç. Əsgərov qeyd edib ki, Azərbaycan hökuməti bu qərarın icra olunması üçün tədbirlər görəcək.
Qeyd edk ki, ötən gün Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb.
Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.
Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.
Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona birləşik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib.
Elvin Abdulqədirov