İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  17 İyun 2015    Oxunub:2822
Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana sabiq prezident Süleyman Dəmirəlim ölümü ilə bağlı başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

-Əziz Qardaşım,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Allah rəhmət eləsin!

**

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar onun qardaşı Şevkət Dəmirələ də başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Şevkət Dəmirəl, Sizin böyük qardaşınız, Azərbaycan xalqının əsl dostu Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı. Dünyada böyük hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Türkiyəyə fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişib.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaq.

Sizə və bütün ailənizə bu ağır itki ilə əlaqədar öz adımdan və bütün ailəmiz adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”.


Teqlər:  





Xəbər lenti