“Qiymət artımı aradan qaldırılacaq” - Səhiyyə naziri

“Qiymət artımı aradan qaldırılacaq” - Səhiyyə naziri
  17 İyun 2015    Oxunub:2397
17 iyun Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə Səhiyyə Nazirliyində geniş tədbir keçirilib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nazir Oqtay Şirəliyev tibb işçilərini təbrik edərək bildirib ki, ölkəmizin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılıb. Bu həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir.

O, qeyd edib ki, artıq ölkəmizdə əvvəllər ümumiyyətlə olunmayan çox mürəkkəb əməliyyatlar aparılır: “ Özü də cərrahiyyədə tək kəmiyyət artmayıb, həm də keyfiyyət yüksəlib. Yəni əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb”.

Onun sözlərinə görə, bu ildən tətbiq olunan daha bir addım da talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət daşıyır: “Belə ki, iyun ayının 1-dən ölkəmizdə nikaha daxil olan hər kəs tibbi müayinədən keçməlidir. Bu zaman onlar İİV infeksiyasına, zöhrəvi xəstəliklərə və hemoqlobinopatiyalara görə müayinə edilirlər. Bu tədbir həm adı çəkilən xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verəcək. Dövlət proqramı ilə əhatə olunan bütün xəstəliklər üzrə sağlamlıq və demoqrafik göstəricilər yaxşılaşır. İldən ilə bu xəstəliklərlə, proqramların icrası ilə, dərman təminatı ilə bağlı şikayətlər azalır. İndi dövlət proqramı ilə əhatə olunan xəstəliklərin siyahısına hepatit və dağınıq skleroz da əlavə olunub”.

Nazir bildirib ki, əczaçılıq sahəsində ötən bir ilin yeniliyi dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsidir: “Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydadarı təsdiq edilib. Yeni qaydalar hədsiz qiymət artımını aradan qaldıracaq”.

Nazir əlavə edib ki, son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb.

Daha sonra səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar Həkim” və “Əməkdar Müəllim” medal və adlarla təltif edilməsi haqqında prezident İlham Əliyev Sərəncamı səsləndirilib.


Teqlər:  





Xəbər lenti