`Cəmil Həsənlini yaxşı tanımamışıq` - `Yeni Müsavat`ın redaktorundan etiraf

`Cəmil Həsənlini yaxşı tanımamışıq` - `Yeni Müsavat`ın redaktorundan etiraf
  18 İyun 2015    Oxunub:3141
“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı maraqlı bir köşə yazısı yazıb. O, 2013-cü ilin avqustunda yazdığı “Bizim Cəmil müəllim” adlı məqaləni xatırladaraq, qeyd edir ki, həmin yazıda səhvləri var: “Çox təəssüf ki, hansısa hadisələrə, siyasi şəxslərə münasibətdə bizim, jurnalistlərin və sıravi siyasi fəalların informasiyası həmişə qıt olub, dolğun, tam olmayıb. Yoxsa biz bu qədər səhvlər buraxmazdıq, zamanında adamları doğru-dürüst tanıyar, hadisələrə daha real qiymət verərdik”.

Xalid Kazımlı yazır ki, Cəmil müəllim “bizim Cəmil müəllim” olaraq qalmadı, qala bilmədi. “...O, qrup lideri olmağı üstün tutdu, ortada dayanmağı, tarixi missiyasını davam etdirməyi bacarmadı. Artıq funksiyasını başa vurmuş Milli Şuranı arxivə göndərib yeni birlik formatları üzərində düşünmək əvəzinə onu müxalifət daxilində üstquruma çevirmək, istənilməyən siyasi liderləri sıradan çıxarmaq, kənara atmaq üçün instituta çevirməyi üstün tutdular. Nəticəsi də bu cür oldu: Milli Şura sarsıntılara, qopmalara məruz qaldı, dağıldı, Cəmil Həsənli isə müxalifət düşərgəsinin namizədi statusundan bir partiyadan ibarət qurumun formal sədri olmaq mərtəbəsinə qədər endi.

İndi dostlar onun haqqında heç kəsin bilmədiyi bəzi faktları açıb danışır, yazırlar. Adam bir az da hiddətlənir: niyə bunları zamanında demirdiniz. Cavab da bu cürdür: “düşərgənin naminə”, “ümumi mənafeyə görə”, “yanlış başa düşülərdi” və s. Xeyr, məhz indi yanlış başa düşülür. Həqiqətləri vaxtında demək lazımdır. Tərəfdarları, təəssübkeşləri aldatmaq, onlara həqiqətin yarısını deyib, yarısını saxlamaq olmaz. Bu üzdəndir ki, müxalifət düşərgəsi toparlana bilmir”.

Sonda yazar Arif Məmmədov məsələsinə də toxunur: “Adamı bir ay öncə yaxınlarından və işlədiyi idarədən kənarda bir kəs tanımırdı. İndi bütün siyasi fəallar tanıyır. Bir siyasi qrup isə ona böyük ümidlər bəsləyir. Son iki ildə bu, artıq üçüncü “qibleyi-aləm”dir. Hələlik onun nə biçim bir şəxsiyyət olduğu o qədər də aydın deyil. Barəsində informasiya azdır. Fəqət yəqin ki, A.Məmmədov barədə həlledici həqiqətləri bilən qərəzsiz insanlar var və onlar bunu açıb demirlər”.


Teqlər:





Xəbər lenti