Səfirin ikiüzlüyü - deputatlardan sərt etiraz

Səfirin ikiüzlüyü -  deputatlardan sərt etiraz
  19 İyun 2015    Oxunub:5423
“Bu gün dünyada Azərbaycana qarşı çox böyük diqqət var. Əfsuslar olsun ki, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirilir”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Rövşən Rzayev Böyük Britaniya səfirinin Azərbaycana qarşı səsləndirdiyi iradlara münasibət bildirərkən deyib.

Deputat bildirib ki, ingilis jurnalistlərin guya Azərbaycana buraxılmaması ilə bağlı səfir İrfan Siddiqin fikirləri həqiqətdən uzaqdır.

“Həmin jurnalistlər Azərbaycana gələndə müvafiq qanunlara uyğun olaraq özlərini təqdim etməli idilər. Onlar bilərəkdən, problem yaratmaq üçün öz mövqelərini başqa istiqamətə aparırlar. Bu da haqlı narazılığa səbəb olur. Ümumi problemlər içərisində bu məsələni qabardırlar və Azərbaycana qarşı qərəzli mövqeydən çıxış edirlər. Biz qanun çərçivəsində, Azərbaycan maraqlarına uyğun öz işimizi davam etdiririk”.

Millət vəkili Fuad Muradov Böyük Britaniya səfirinin Azərbaycanla bağlı özünə və diplomata yaraşmayan sözlər işlətməsinə təəssüfləndiyini deyib.

Deputat bildirib ki, səfir hər hansı bir ölkəni və qərarı tənqid edə bilər, amma bu tənqid faktlara əsaslanmalıdır.

“Biz elan etmişik ki, Avropa Oyunlarına gələn jurnalist və yaxud da digər xarici vətəndaşlar mütləq qeydiyyatdan keçməlidir. Eyni zamanda bəyan etmişik ki, o insanlar ki, işğal olunmuş torpaqlara səfər ediblər, biz onları Azərbayacana buraxmayacağıq. Bununla bağlı “qara siyahı”mız var. Böyük Britaniyanın özündə elə məsələlər var ki, onlara mütləq şəkildə reaksiya verilməlidir. Bu yaxınlarda Böyük Britaniyada böyük bir insan haqlarının pozuntusu baş verdi. Bütün dünya bu hadisədən danışır.
Böyük Britaniyanın qanunu var ki, məhkəmə qərar qəbul edəndən sonra bu ictimaiyyətə açıqlanmaya bilər. Bizdə hər hansı bir məhkəmə qərarı olan kimi onu çap edib, ictimaiyyətə çatdırırlar. Amma onlarda belə bir maddə var ki, hakim qərar qəbul etsə ki, bu hökmü ictimaiyyətə açıqlamıram, bunu açıqlana bilməz. Belə bir hal bizdə olarsa, onlar necə bizim üzərimizə gələrdilər. Halbuki biz çalışmışıq ki, bütün qanunvericilik maksimum şəffaf olsun”.

Milli Məclisin üzvü bildirib ki, hansısa qanunla bağlı kiminsə narazılığı varsa, bu konstruktiv şəkildə olmalıdır: “Biz dəfələrlə bəyan etmişik ki, siz hər hansı bir istiqamətdə bizə kömək etmək istəyirsizsə, buyurun təklifinizi verin. Amma onlardan indiyədək heç bir konstruktiv təklif eşitməmişik. Bu sözləri onların özünə də dəfələrlə bəyan etmişik. Təklif yoxdur. Heç bir konstruktiv yanaşma yoxdur. Sadəcə olaraq mətbuat vasitəsilə səfirə yaraşmayan tərzdə belə yanaşma ortaya qoyub. Çünki bizim həyata keçirdiyimiz hər-hansı bir addım qanuna söykənir. Digər Avropa ölkələrinə yanaşma olduğu kimi, Azərbaycana qarşı da bunu tələb edirik. Amma bəzi qüvvələr və dairələr düşünür ki, Azərbaycan kiməsə görə, qanunlardan imtina etməlidir. Başqa istiqamətdə inkişaf etməlidir. Biz təbii ki, bunu qəbul edə bilmərik. Böyük Britaniya səfiri ilə dəfələrlə müxtəlif tədbirlərdə görüşlərimiz olub və fikirlərimizi ona söyləmişik. Əvvəllər də həmin səfirin Dağlıq Qarabağla bağlı müəyyən fikirləri var idi. Biz çalışdıq ona başa salaq ki, bu səhv yanaşmadır. Amma eyni zamanda bu gün Azərbaycana minlərlə jurnalist gəlib. Burada bizim heç bir marağımız yoxdur ki, hansısa jurnalisti buraxaq, ya buraxmayaq.

Beynəlxalq Olimpiya Komitəsinin qərarıdır ki, xarici vətəndaşlar akkreditasiyadan mütləq şəkildə keçməlidir. Bəziləri qəsdən, akkreditasiyadan keçmədiklərini, onların sərhəddən buraxılmıyacağını bilərək buna gedirlər ki, sabah onların yazmağa mövzusu olsun”.

Qeyd edək ki, Böyük Britaniyanın səfiri Azərbaycan hökumətinin ünvanına sərt sözlər deyib. Belə ki, Britaniya KİV nümayəndələrinin Azərbaycana səfərinin qadağan edilməsi iddiasına cavab olaraq səfir İrfan Siddiq Bakının Britaniya jurnalistlərinə qarşı qadağasını biabırçılıq adlandırıb və ittihamlar səsləndirib. Halbuki indiyədək Azərbaycanın hakimiyyət təmsilçiləri ilə keçirdiyi görüşlərdə ölkəmizlə bağlı təriflər yağdıran səfirin Avropa Oyunlar öncəsi əsassız faktlara əsaslanan çıxışı ikiüzlü yanaşmadan xəbər verir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti