Rəis cəzalandırıldı, 4 işçiyə töhmət verildi

Rəis cəzalandırıldı, 4 işçiyə töhmət verildi
  19 İyun 2015    Oxunub:3623
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) fəaliyyətin səmərəli təşkilinə nəzarət məqsədilə yaradılmış Şuranın növbəti iclası keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şuranın sədri, DƏMX-in rəisi Fuad Əlizadə bildirib ki, təkcə bu ilin yanvar-may aylarında Xidmət idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı iş yerlərində 6 599 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib:

"Əsasən özəl sektora aid müəssisələrdə, ticarət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verilən həmin hüquq pozuntuları ilə əlaqədar işəgötürənlərə tətbiq edilən cərimələrin 54,94 faizi (866 884 manat) dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə dair göstərici ilə müqayisədə 20,13 faiz (145292 manat) çoxdur. Həmçinin bu dövrdə işdən qeyri-qanuni azad edilmiş 8 nəfərin əvvəlki işinə bərpa edilməsi təmin olunub".

Xidmət rəisi həmçinin bu ilin 5 ayında 432 146 manat həcmində gecikdirilən sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini, bunun 2014-cü ili yanvar-may aylarındakı müvafiq göstəriciyə nisbətən 2 dəfədən də çox olduğunu qeyd edib.

İclasda ƏƏSMN-nin 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) ötən il və cari ilin ilk rübü ərzində qulluq funksiyalarının icrası sahəsində gördüyü işlər, DƏMX-in 2015-ci ilin yanvar-may aylarında fəaliyyətinin yekunları, idarə, müəssisə və təşkilatlardan, habelə vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və cavablandırılması istiqamətində görülən tədbirlər ətraflı müzakirə olunub. Əldə olunan uğurlu nəticələr qeyd edilməklə yanaşı, nöqsan və çatışmazlıqlardan da bəhs edilib.

İclasda funksional vəzifələrinin icrasında nöqsanlara yol verdiklərinə görə ƏSMNN-nin 19 saylı region üzrə DƏM-nin rəisinə, 7 saylı region üzrə DƏM-nin 4 nəfər əmək müfəttişinə töhmət verilib. Bundan başqa, müxtəlif regionlar üzrə region rəisləri, rəis müavinləri və ayrı-ayrı əmək müfəttişlərinin rotasiya qaydasında yerlərinin dəyişdirilməsi barədə qərarlar qəbul olunub.


Teqlər:  





Xəbər lenti