`İbrahimbəyov məndə allergiya yaradır - QAT sədri

`İbrahimbəyov məndə allergiya yaradır - QAT sədri
  23 İyun 2015    Oxunub:3205
Milli Şuranın “fəxri sədri” Rüstəm İbrahimbəyovun “The New Times”a verdiyi müsahibədə “biz erməni xalqı ilə düşmən deyilik və mütləq barışacağıq”,- deyə səsləndirdiyi fikirləri siyasi müstəvidə kəskin etirazlara səbəb olub.

Özünü azərbaycanlı kimi təqdim edəm R.İbrahimbəyovun yüzlərlə günahsız soydaşımızı amansızcasına qətlə yetirən, 1 milyondan çox insanı öz torpaqlarından didərgin salan ermənilərə düşmən gözü ilə baxmaması kinodramaturqun vətən hissini çoxdan itirməsindən xəbər verir.

Sözügedən məsələ ilə bağlı AzVision.az-a açıqlama verən Xocalının deputatı Elman Məmmədov hesab edir ki, belə addımlar Rüstəm İbrahimbəyovun həyat tərzidir.

Deputat bildirib ki, R. İbrahimbəyov və o qəbildən olan insanlar üçün dövlətin, xalqın, vətənin, torpağın, şəhidliyin əhəmiyyəti yoxdur: “Onlar ancaq özlərinə sərf edən və başa düşdükləri kimi həyat tərzi quran adamlardır. Ona görə də İbrahimbəyovdan millət qeyrəti, təəssübkeşlik gözləmək olmaz. Rüstəm İbrahimbəyovu yaxından tanıyan adamlar bilir ki, o heç vaxt erməni dostları ilə əlaqələrini kəsməyib”.

E. Məmmədov deyib ki, Rüstəm İbrahimbəyov həmişə özünü beynəlmilləl adam kimi qələmə verməyə çalışıb: “O deyir ki, ermənilər bizim düşmənimiz deyil. Bəs, bizim düşmənimiz kimdir? Doğrudur, müharibələr sülhlə qurtarır. Amma, ermənilərlə bizim aramızda olan müharibə tamam başqadır. Çünki, erməni xalqı tarixən azərbaycanlıları özlərinə düşmən hesab ediblər. Yəni, bu ermənilərin xislətidir”.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov isə məsələyə münasibətində deyib ki, R. İbrahimbəyovun fikri onu maraqlandırmır.

“Onun fikirləri məni maraqlandırmır. Öz fikrim isə belədir ki, gec-tez Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək. Ona görə də Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarını qəbul etməklə həmin ərazilərdə yaşaya bilərlər. Necə ki, Azərbaycanda çoxlu sayda azsaylı xalqların nümayəndələri yaşayır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, İbrahimbəyovun sərsəm açıqlamaları onda allergiya yaradır: “Bu adam guya özünü tolerant, dünya vətəndaşı hesab edir. Ancaq, bunların hamısı boş və mənasız şeylərdir. Rüstəm İbrahimbəyov hansısa mərkəzlərin pul kisələrinə bağlı adamdır. Pul kisələrinin sahiblərinin ona qarşı “səxavətli” olması üçün vaxtaşırı belə əndazəsiz açıqlama verir.

Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana bağlılığı olmayan adamdır. Milliliyi yoxdur. Ziyalının milliliyi olmalı, öz vətənini, millətini sevməlidir. Bu adamın sevdiyi isə puldur. Pulu kim verirsə, onun çaldığı havaya oynayır. O, pulu vətəndən də, xalqdan da çox sevir”.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti