Qərb bizdən nə istəyir? – Millət vəkilinin versiyası

Qərb bizdən nə istəyir? – Millət vəkilinin versiyası
  23 İyun 2015    Oxunub:3335
“Qərbdəkilər bizdən nə istəyirlər? Tez-tez belə suallarla üzləşirik. Nə istədikləri ötən gün senator Con Makkeynin Rusiya, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi haqda bir açıqlamasında dilə gətirilib”.

Bu sözləri millət vəkili Sahib Alıyev öz facebook səhifəsində yazıb. O, Makkeynin nə dediyini xatırladıb: “Ukraynadan sonra Rusiyanın hədəfi Azərbaycandır, biz bunu gözləyirik. Ermənistan Rusiyadan tam asılı dövlətdir, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə tərəflər özləri münaqişəni həll etməli və yaxınlıq göstərməlidirlər. ABŞ olaraq, biz sülh naminə atılan istənilən addımı alqışlayırıq”.

- Sonuncudan başlayaq: əgər illərdir heç bir addım atılmırsa, onda necə olsun bəs? Və yaxud "Krım və Donbas Ukraynanın bir parçasıdır" deyən senator nədən ruslarla ukraynalıları öz aralarında razılığa gəlməyə çağırmır və demir ki, Amerika bu yöndə atılan istənilən addımı alqışlamağa hazırdır? Yaxud o dediyi kimi, əgər Ermənistan Rusiyadan tam asılı dövlətdirsə, onda Dağlıq Qarabağ məsələsində biz həmin Ermənistanla necə razılığa gələ bilərik? Deməli Rusiya ilə dil tapmaq lazımdır. Ancaq Amerika bunu istəyirmi? Yox, istəmir. "Ukraynadan sonra Rusiyanın hədəfi Azərbaycandır, biz bunu gözləyirik" bildirən Makkeyn əksinə, bizi Moskva ilə qarşıdurmaya səsləyir,- deyə Sahib Alıyev bildirib.

Millət vəkilinin fikrincə, "Ukraynadan sonra hədəf Azərbaycandır" söyləyənlərin məqsədi əslində budur ki, biz də Rusiyaya qarşı Ukrayna davranan kimi davranaq: “Tutaq ki, elə də etdik. Rusiya da Dağlıq Qarabağa qoşun yeridərək, oranı müstəqil dövlət kimi tanıdı. Və hazırda Ukraynanın şərqində baş verənlər Azərbaycanın başqa bir hissəsinə təkrarlandı. Onda kim təminat verə bilər ki, makkeynlər bizi yenə də növbəti separatçılarla öz aramızda razılığa gəlməyə çağırmaqla işilərini bitmiş hesab etməyəcəklər? Lap tutaq ki, Ukraynaya edilən yardımlar bizə də edildi. Bu, Ukraynaya nə verib ki, Azərbaycana da nəsə versin? Orasını da deyək ki, hazırda Ukrananın təkcə şərqdən deyil, qərbdən parçalanmaq təhlükəsi var. Məsələn, Macarıstanın keçmiş vitse-prezidenti Polşanı əvvəllər olduğu kimi ortaq sərhəd qurmağa çağırır. O, təklif edir ki, Ukraynanın qərbindəki torpaqların bir hissəsini, yəni Ujqorod vilayətini Macarıstan, Lvov vilayətini isə Poşa tutsun. Bəlkə, `Maydan` siyasətçiləri Rusiya ilə qarşıdurmaya getməklə tezliklə Avropa Birliyinə üzv olacaqlarını vəd edərkən bunu nəzərdə tuturdular? Nəzərdə tuturdular ki, bütöv şəkildə Avropa Birliyinin boğazında ilişib qalacağından Ukraynanı vilayət-vilayət bu quruma birləşdirsinlər? Uzun sözün qısası, biz Ukrayna olmaq istəmirik. Ola bilər, kimsə Azərbaycanı cənab Makkeynin təbirincə desək, hədəf gözündə görür. Amma hədəfə çevirilməmişdən öncə gərək hərif olasan. Azərbaycan isə hərif deyil. Bizim indiki dövlətimiz gənc olsa da, qədimdən də qədim dövlətçilik ənənəmiz var. Əgər belə bir xalq olmasa idik, aramızdan Heydər Əliyev kimi DÖVLƏT ADAMI və elə həm də DÖVLƏT ADAM çıxmazdı”.


Teqlər:





Xəbər lenti