Deputat qəzəbləndi: `Azadlıq` radiosunu yerində oturdacam

Deputat qəzəbləndi: `Azadlıq` radiosunu yerində oturdacam
  25 İyun 2015    Oxunub:7755
`Mənə qarşı təhqirlər davam etsə, məsələ məhkəməyə qədər gedib çıxacaq`

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Azadlıq” radiosunun Azərbaycan xidmətinin saytında onunla bağlı yerləşdirən karikaturaya reaksiya verib.

Millət vəkili AzVision.az-a açıqlamasında bildirib ki, “Azadlıq” radiosunun ona qarşı etdiyi təhqiramiz hərəkət cavabsız qalmayacaq.

F.Ağamalı əlavə edib ki, artıq bu radionun ona qarşı həddini aşan və təhqir xarakterli davranışlarına təmkin və səbr nümayiş etdirmək niyyətində deyil: “”Azadlıq” radiosu arxayın olmasın ki, yaramaz hərəkətləri cavabsız qalacaq. Hansısa bir formada, onlara cavab verəcəyəm. Mənə qarşı təhqirlər davam etsə, məsələ məhkəməyə qədər gedib çıxacaq.

Karikatura ilə bərabər haqqımda forumun açılması isə radionun əlaltılarına mənə qarşı təhqiramiz fikirlər yazmağa imkan verir. Belə davam etsə, konkret addımlarım gecikməyəcək. Bu karikaturanı yerləşdirənləri mütləq yerində oturdacam”,- F. Ağamalı vurğulayıb.

Deputat “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlığını dayandırmasına yenidən aydınlıq gətirib: “Bu qurum anti-Azərbaycan qüvvələri içərisində yer aldığına görə, onlarla əməkdaşlığı dayandırmışam. Bu məmim hüququmdur. Bunlar mənim hüququmu bu dərəcədə aqressiv qarşılayırlarsa, deməli onların söz azadlığı, insan hüquqları ilə hər hansı bir bağlılığı yoxdur. Onlar öz məqsədlərinə xidmət etməyənləri arzuolunmaz şəxs hesab edirlər. Necə ki, diktatura rejimlərində elə olur”.

Xatırladaq ki, bu gün “Azadlıq” radiosunun Azərbaycan xidməti saytında deputat Fəzail Ağamalının “Azadlıq Radiosu üçün böyük itki” sərlövhəli karikaturasını yayıb və forum açıb.

Elvin Abdulqədirov



Teqlər:  





Xəbər lenti