Mərkəzi Bank borclanacaq
İqtisadçı Vüqar Bayramov bildirib ki, son dəyişikliklər valyuta ehtiyatlarının məbləğinin azalacağı halda sözügedən bankın qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb etmək istəyi ilə bağlıdır. Onun sözlərinə görə, yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur.
“Çünki, əvvəlki qaydalara əsasən, Mərkəzi Bank ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asıllığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank, demək olar, sərbəst olacaq. Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq. Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır”.
V.Bayramov qeyd edib ki, əvəllər Mərkəzi Bankın aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu və bunun icrası üçün konkret mexanizmlər yox idi.
“İndi Mərkəzi Bank qiymətli kağızlar vasitəsi ilə borclanacaq. Nəticədə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Nəzərə alsaq ki, Mərkəzi Bankın kapital çatışmazlığı sözügedən bankın balansında olan xarici valyutada aktivlərin və ya qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan məzənnə fərqi ilə bağlı olur, bu, o deməkdir ki, Mərkəzi bank daxili borclanmağa gedəcək. Bu dəyişiklikliyin müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, bu, dövlət vəsaitlərinin qənaət edilməsinə imkan verəcək. Çünki, əvvəllər dövlət büdcəsi planlaşdırılan zaman Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı halda dövlətdən həmin vəsait alınırdı. Yeni qaydalar isə daxili borclanma hesabına həmin çatışmazlığı ödəməyə imkan verəcək”.