“Azərbaycan yeni tarix yazdı” – Deputatlar Avropa Oyunları haqqında
Oyunlar heç də asanlıqla keçirilmədi. Qərb dairələrinin başlatdığı anti-Azərbaycan kampaniyası Avropa Oyunları zamanı ən pik həddə idi. Təzyiqlər, iftira xarakterli silsilə xəbərlər, qərəz və bu kimi çirkin oyunlar Azərbaycanın tarixi uğuruna kölgə sala bilmədi. Əksinə, Azərbaycan dövləti bütün bunlara sinə gərərək öz gücünü, qüdrətini nümayiş etdirdi.
Avropa Oyunları Azərbaycana nə verdi?
AzVision.az bu sualla siyasi elitanın aparıcı nümayəndələrinə müraciət edib.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, I Avropa Oyunlarının həm açılışı, həm də bağlanış mərasimi çox yüksək səviyyədə keçib: “Bu oyunlar Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Əslində, elə bir standartlar müəyyənləşdirdi ki, inanmıram ki, hansısa ölkə bu cür Avropa Oyunları keçirsin. Hesab edirəm ki, açılış mərasimində Azərbaycanın təbliğatı özünü yüksək formada göstərmişdi”.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə hesab edir ki, Azərbaycan özünün inkişafı, dövlətçiliyində qazandığı uğurları, iqtisadiyyatının inkişafı, insanların sosial problemlərinin həlli ilə yüksək bir səviyyəyə çatıb və buna görə də I Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə edilmişdi: “Azərbaycan dünya üçün bir tarix yazdı. AzərbaycanAvropa Oyunlarının birincisini keçirməklə bu qitənin çoxdan arzuladığı oyunları reallığa çevirdi, eyni zamanda oyunların standartını müəyyənləşdirdi. Həmçinin bu oyunlar Avropaya Azərbaycan standartları verdi.
Ana Vətən partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, I Avropa Oyunlarının istər açılışı, istər oyunların davam etdiyi 17 gün və bağlanış mərasimi birmənalı şəkildə Azərbaycan dövlətinin gücünün, qüvvətinin nümayişi oldu: “Bu oyunlar vasitəsi ilə bizim qədim tarixə, zəngin mədəniyyətə, yüksək intellektə malik olan xalq kimi dünyaya təqdim olunmağımızdan qürur duydum. Dünənki bağlanış mərasimi, onun bütün elementləri, orada təqdim olunan proqramın detalları və şou izləyicilərin hər birinə sevinc gətirdi.
Hesab edirəm ki, bu oyunları keçirməklə Azərbaycan bütün imkanlarını dünyaya təqdim edə bildi”.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin sözlərinə görə, 17 gün Azərbaycanda gənclik və idman bayramı keçirilib: “Bu tədbir çox yüksək səviyyədə təşkil olundu. Azərbaycan bu oyunları keçirməklə dünyaya öz mədəniyyətini, dövlətini, imkanlarını nümayiş etdirmək imkanı qazandı. Avropalılar oyunlara gələrək xalqımızın qonaqpərvərliyini, mədəni səviyyəsinin yüksək səviyyədə olduğunu gördü. Ona görə də hesab edirəm ki, bu tarixi bir hadisə idi. Həmçinin Azərbaycanın oyunlarda idmançılarımızın uğurları ölkəmizdə idmanın inkişafının təzahürüdür”.
Milli Dirçəliş Hərəkatı partiyasının sədri, deputat Fərəc Quliyevin fikrincə, bağlanış mərasimində Simurq quşu Azərbaycanın birlik mesajıdır.
“Eyni zamanda Azərbaycanın dünyaya inteqrasiya olunmasında, mədəniyyətimizin təbliğində, gələcək əməkdaşlıq imkanlarında var olduğunu göstərdi. Həmçinin dünyaya nümayiş olundu ki, Azərbaycan potensialını dinc məsələlərə qoymağa hazırdır. Azərbaycan bu oyunlarla həm özünün ədalətli prinsiplərini göstərə bildi, həm mədəniyyətini təbliğ etdi, həm də tolerant, multikulturalizmə əməl edən bir ölkə olduğunu göstərə bildi. Ümumiyyətlə bu oyunlar təkcə idman tədbiri kimi deyil, ümumiyyətlə ölkənin təbliğatı üçün əhəmiyyətli tədbir idi”.
Deputat Rauf Əliyev bildirib ki, Avropa Oyunların yüksək səviyyədə təşkili Azərbaycanın inkişafının, gücünün təsdiqi idi: “Artıq Azərbaycan dünyəvi yarışlara hazır olduğunu sübuta yetirdi. Bəlkə də Avropa dövlətlərinin əksəriyyətinin Azərbaycandakı kimi idman infrastrukturları yoxdur ki, belə möhtəşəm yarışlar keçirsinlər. Bu oyunları keçirməklə Azərbaycan böyük idman ölkəsi kimi özünün təsdiqlədi. Oyunlar Azərbaycan gənclərini müxtəlif idman növlərinə axın etməsinə ruhlandıracaq”.
R. Əliyev vurğulayıb ki, oyunlar zamanı azarkeşlər tam bir mədəniyyət nümayiş etdiriblər.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


