Ermənilər Azərbaycana yumurta və toyuq əti göndərir
“Emre Piliç” şirkətinin internet saytında yerləşdirilmiş məlumatlara görə, şirkət 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə - İzmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var.
Şirkət istehsal etdiyi məhsulları həm Türkiyə bazarında satır, həm də xarici ölkələrə ixrac edir.
“Emre Piliç” xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Bu il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac etməyi planlaşdırır.
Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, İran, İraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır.
Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata əsasən “Emre Piliç” şirkətinin Səhmdarlar Şurası həmin il noyabrın 11-də toplanıb. Şirkətin nizamnamə kapitalının 33 milyon türk lirəsi (TL) 38 milyon TL-yə qədər artırılmasına dair yekdilliklə qərar çıxarıb.
Qərarın altına imza atan səhmdarların siyahısı aşağıdakı kimidir:
Ömər Oral
Arto Sevan Oskayan
Seyhan Davutoğlu Daştan
Mert İbrahim Daştan
Andarnik Raffi Bozacıyan
Ömür Oral
Onur Oral.
Bəs şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir? Bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir?
İnternetdə apardığımız araşdırma nəticəsində Azərbaycandan bu şirkətlə təması olanlar arasında “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Saba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyol” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler” və digər şirkətlərin adları var.
Lakin adıçəkilən şirkətlərin “Emre Piliç”lə hansı formada işgüzar əməkdaşlıq etdiyini Türkiyə qaynaqlarından dəqiqləşdirmək mümkün olmayıb.
Bununla belə internetin Azərbaycan seqmentində apardığımız axtarış zamanı aşağıdakı məzmunda elana rast gəldik (üslub olduğu kimi saxlanılır-red.):
“Elan
Broyler fabrikalarının rəhbərlərinin nəzərinə!
Bizim şirkət dünyanın ən məşhur və mükəmməl avadanlığı sayılan “Chick Master” inkubatorlarında çıxarılmış sutkalıq cücələri öz nəqliyyat vasitəmizlə Azərbaycan ərazisinin istənilən nöqtəsinə gətirməklə təklif edir.
ROSS 308 sortlu damazlıq yumurta Türkiyənin “Emre Piliç”, toyuqculuq şirkətində istehsal olunmuş və hər bir partiyanın yüksək keyfiyyətinə və sanitar normalarına zəmanət verir. Standart tələbləri bu sahənin ən ciddi göstəricilərinə cavab verir.
Cücənin qiyməti damazlıq yumurtanın bazar qiymətindən və ödəmə şərtlərində asılı olaraq iki üç qəpik aşağı olacaqdır. İnkubator sexi Bakı ətrafında Zirə qəsəbəsində yerləşir və arzu edənləri istehsalatdan tanış olmağa dəvət edirik.
Vasitəçilərərdən və dəllallardan bizi narahat etməməyi xahiş edirik”.
Elanda göstərilmiş əlaqə nömrəsinə zəng etdik. Adının Samir olduğunu bildirən şəxsdən dəqiqləşdirdik ki, söhbət “Həmzə broyler” şirkətindən gedir. Bu şirkət Zirə yaxınlığında yerləşir.
Ancaq həmin şəxs şirkətdə menecer olduğunu və suallara cavab vermək səlahiyyətində olmadığını dedi.
Virtualaz.org saytı “Emre Piliç” şirkətinin Azərbaycana nə qədər yumurta və cücə ixrac etdiyini dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi, habelə bir sıra broyler şirkətləri ilə əlaqə saxlayıb.
“Azərbaycandakı quşçuluq təsərrüfatları Türkiyənin “Emrə Piliç” şirkəti ilə əməkdaşlıq edir. Yəni quşçuluq təsərrüfatları müqavilə əsasında şirkətdən məhsul alırlar” - bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Tofiq Atazadə saytımıza bildirib.
T.Atazadə şirkətlə hansı yerli təsərrüfatların əməkdaşlıq etdiyini, ölkəyə nə qədər məhsul gətirildiyini açıqlamasa da ötən il “Emre Piliç”dən məhsul alındığını təsdiqlədi.
Azərbaycan Quşçuluq Cəmiyyətindən isə “Emre Piliç”lə əməkdaşlıq edilmədiyini söylədilər: “Biz təşkilat olaraq “Emre Piliç” şirkəti ilə əməkdaşlıq etmirik. Lakin regionlardakı quşçuluq təsərrüfatları əməkdaşlıq çərçivəsində Türkiyədən, “Emre Piliç”dən məhsul alırlar”.
“Hacıqabul” quşçuluq təsərrüfatının anbar müdiri isə “Emre Piliç”dən məhsul almadıqlarını söylədi: “Biz yalnız öz məhsullarımızın satışı ilə məşğuluq. Şirkət olaraq təkcə Türkiyədən deyil, heç bir ölkədən məhsul almırıq”.
“İmişli quşçuluq” təsərrüfatının ofis meneceri Aytəkin Qədirova da “Əmrə Piliç” şirkəti ilə əməkdaşlıq etmədiklərini bildirdi: “Ümumiyyətlə, bu şirkətin adını ilk dəfədir eşidirəm. Bizim müəssisə o şirkətlə heç vaxt əməkdaşlıq etməyib”.
Dəvəçi və Siyəzən quşçuluq təsərrüfatlarından isə sualımıza cavab vermədilər.
Özünü “Dəvəçi” boylerin satınalmalar üzrə direktoru kimi təqdim edən şəxs əməkdaşlıqla bağlı məlumatsız olduğunu dedi: “Sizin suallarınızı digər şöbədən cavablandıracaqlar. Həmin şöbənin əməkdaşları isə hazırda ofisdə yoxdur”.
“Siyəzən broyler”in hüquqşünası olduğunu deyən şəxs isə suallarımıza “məsələni araşdırandan sonra cavab verə biləcəyini” dedi.
Quşçuluq sektorundakı qaynaqlardan isə dəqiqləşdirə bildik ki, hazırda “Emre Piliç” şirkətinin Azərbaycandakı əsas tərəfdaşı “Həmzə” MMC-dir. “Emre Piliç”in həmin şirkətdə ortaqlığı var. Bu şirkət Bakının Zirə qəsəbəsi yaxınlığındakı inkubatorunda “Emre Piliç” şirkətindən alınan yumurtalardan cücə çıxarılmasını həyata keçirir və onu broyler fabriklərinə satır.
Həmçinin öyrəndik ki, “Emre Piliç” şirkətindən yumurta idxalını əsasən Neftçalada yerləşən “Şəfalı broyler” həyata keçirir, tərəfdaşlıq hazırda da davam edir.
Bəs görəsən, Azərbaycandan “Emre Piliç”lə əməkdaşlıq edən iş adamları bu şirkətin səhmdarlarından ikisinin erməni olduqlarını biliblərmi?
Ola bilsin ki, bilməyiblər və söhbət Türkiyə şirkətindən getdiyinə görə heç şübhələnən də olmayıb. Lakin bu fakt göstərir ki, erməni iş adamları Türkiyədə sərbəst şəkildə bizneslə məşğul ola, hətta Azərbaycana ixrac həyata keçirə bilirlər... (virtualaz.org)