Kredit götürənlərə şad xəbər

Kredit götürənlərə şad xəbər
  30 İyun 2015    Oxunub:6823
“Mərkəzi Bankı xeyili müddət gündəmdə saxladığımız təklifimizi axır ki qəbul etdi. Belə ki, banklar müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizədək məhdudlaşdıracaqlar”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bundan sonra kredit məbləğindən asılı olmayaraq bütün banklar ən çoxu 1 faiz komissiya haqqı hesablaya biləcəklər: “Biz Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komissiya haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməsini dəfələrlə təklif edirdik.

Təəssüf ki, uzun müddət komissiya haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metod idi. Bəzi kommersiya bankları hətta 8-10 faizlik komissiya haqları təklif edirdilər. Bankların”faiz tələsi” əslində çox sadə idi: banklar faizi elan edirdilər, amma komissiya haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komissiya haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirdi. Bu zaman müştəri iki sənədə qol çəkirdi - 540 manatlıq kreditin alınması və 40 manatlıq komissiya haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilirdi. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanırdı. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olurdu. İndi isə vəziyyət fərqli olacaq, 500 manatlıq kredit götürən şəxs cəmi 5 manat komissiya haqqı ödəyəcək. Bunu isə kredit formasında deyil, birbaşa nağd şəkildə edə bilər ki, bu da imkan verəcək ki, faizlər kreditin öz, əsas məbləğindən 500 manatdan hesablansın. Deməli, bu halda nominal və real faizlər eyni olacaq və praktik olaraq müştəri aldadılmayacaq”.

Ekspert qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komissiya haqqları tətbiq edilir: “Bəzi ölkələrdə isə belə haqqlar ümumiyyətlə yoxdur. Bu baxımdan, ölkəmizdə də oxşar praktikanın tətbiq edilməsi vacib idi.

Bəs, yeni qaydalar nəyi dəyişəcək?

Əvvəlla, bu banklara imkan verməyəcək ki, kredit götürən vətəndaşlar üçün fərqli və daha yüksək faizlər hesablasınlar.

İkincisi, komissiya haqqlarının məhdudlaşdırılması real kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq.

Üçüncüsü, artıq bankların ucuz və aldadıcı reklam kampaniyalarına son qoyulacaq. Nəhayət, kredit üçün banka müraciət edən şəxs öncədən öz xərclərinin dəqiq hesablaya biləcək. Eyni zamanda, kommissiya haqqları üçün tavanın müəyyənləşdirilməsi Mərkəzi Bankın göstərişi olduğu üçün bütün bankların buna qeyri-şərtsiz əməl etməsi vacibdir. Müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq haqq hesablamasınlar. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti