Ötən il 186 şəxs Azərbaycan vətəndaşı olub

Ötən il 186 şəxs Azərbaycan vətəndaşı olub
  01 İyul 2015    Oxunub:2472
“Azərbaycan dövləti tərəfindən və bu sahədə dövlət siyasətini həyata keçirən bir orqan kimi Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür”. AzVision.az xəbər verir ki, bunu AzərTac-a müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, 2008-2014-cü illər ərzində vətəndaşlığı olmayan 852 şəxs və ümumilikdə 1164 nəfər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub:

“ Təkcə 2014-cü il ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti daxil olmuş 254 vətəndaşlığı olmayan şəxsdən 186-ı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Vətəndaşlığı olmayan 157 şəxsin müraciəti isə hazırda Xidmət tərəfindən icra olunmaqdadır. Bununla belə, bu müddət ərzində 18254 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib”.

O, qeyd edib ki, Dövlət Miqrasiya Xidməti ölkədə vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması istiqamətində, həmçinin Azərbaycan Respublikasının vətəndaşsızlıq halları ilə mübarizə sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri istiqamətində işləri müvəffəqiyyətlə davam etdirir:

“Bu baxımdan uzun müddət Azərbaycan Respublikasının ərazisində yaşayan və hazırda hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədləri olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması və vətəndaşsızlıq hallarının azaldılması istiqamətində görülən tədbirləri qeyd etmək olar. Belə ki, ölkəmizin müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində Xidmətin regional miqrasiya idarələri və yerli icra hakimiyyət orqanları ilə birgə əməkdaşlıq nəticəsində 2015-ci ilin birinci rübü ərzində Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla Azərbaycan Respublikası ərazisində qeyri-qanuni yaşayan 759 şəxs aşkar olunub.

Həmin şəxslərin bir qisminin xarici dövlətin vətəndaşı olması nəzərə alınaraq, respublikamızın ərazisində yaşamalarının qanuniləşdirilməsi istiqamətində tədbirlər görülür. Digər qisminin isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədilə ehtimal olunan dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinə müvafiq sorğular göndərilib”


Teqlər:





Xəbər lenti