“Azərsu”dan yenilik

“Azərsu”dan yenilik
  01 İyul 2015    Oxunub:3264
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə islahatları davam etdirir.
ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, bu istiqamətdə aparılan işlər çərçivəsində birinci qrup, yəni əhali istehlakçılarının içməli su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədi ilə texniki şərtlərin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılıb.

adıçəkilən xidməti www.azersu.az və www.e-gov.az saytları üzərindən həyata keçirmək mümkündür. Texniki şərt əldə etmək üçün torpaqayırma və ya mülkiyyət hüququnu təsdiq edən sənədin surətinin elektron formada təqdim olunması kifayət edir. Şəxsiyyət vəsiqəsi barədə məlumatlar “Elektron hökumət” portalı üzərindən alındığından onun surətinə ehtiyac qalmır.

Müraciət formasında qeyd edilən bütün xanalar lazımi qaydada doldurulduqda, ekranda müraciətin qeydə alındığı barədə təsdiq pəncərəsi açılır. İmtina halları olmadıqda “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarında müəyyən olunmuş formada və müddətdə texniki şərt hazırlanır. Sənəd hazır olduqda elektron poçt və ya telefon vasitəsilə müraciət edən şəxsə məlumat verilir. Hazırlanmış texniki şərt “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təqdim olunduqdan sonra istehlakçının içməli su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması təmin edilir. İmtina halları olduqda səbəbi bildirilməklə istehlakçıya elektron poçt və ya telefon vasitəsilə məlumat veriləcək.

İkinci qrup, yəni qeyri-əhali qrupuna aid istehlakçıların texniki şərtlərin alınması üçün elektron formada müraciət etmələri təmin olunması istiqamətində işlər davam etdirilir.

“Azərsu” ASC-nin abonentləri yaxın zamanlarda daha bir elektron xidmətdən istifadə etmək imkanı qazanacaqlar. Belə ki, onlar içməli su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olub-olmaması barədə arayışı elektron formada əldə edə biləcəklər. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və xidmətin “Elektron hökumət” portalına inteqrasiyası da nəzərdə tutulur.

Hazırda Səhmdar Cəmiyyət tərəfindən “Elektron hökumət” layihəsi çərçivəsində “Borcun onlayn öyrənilməsi”, “Borcun onlayn ödənilməsi”, “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətlərinin göstərilməsi təmin edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, 2014-cü ildən başlayaraq “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətləri göstərilir. Bununla yanaşı abonentlərə “MilliÖn”, “E-manat”, “EasyPay” və “ExpressPay” ödəniş terminallarında ödəniş aparmaq imkanı yaradılıb.


Teqlər:





Xəbər lenti