"Avropa Oyunlarının səviyyəsini Olimpiya ilə bir sıraya qoymaq olar"
A. Jukov rusiyalı idmançıların Bakıda keçirilən Avropa Oyunlarında əldə etdiyi qələbənin möhtəşəm olduğunu söyləyib: "Lakin bu qələbədən eyforiyaya qapılmaq olmaz. 17 gün ərzində Rusiya yığması 164 medal qazanıb. Bunlardan 79-u qızıl, 40-ı gümüş, 45-i bürüncdür. Bu, möhtəşəm nəticədir. Medal sayına görə, biz Azərbaycanı və Böyük Britaniyanı çox qabaqladıq. Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına birbaşa lisenziyanı atıcılar Aleksey Alipov və Vitali Fokeyev qazandılar. Ümumilikdə Rusiya yığma komandasının Bakıda çıxışını fenomenal kimi xarakterizə etmək olar. Bu, mənim sözüm deyil, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib".
ROK prezidenti idmançıların Bakıdakı qələbədən sonra eyforiyaya qapılmayacaqlarına ümid etdiyini söyləyib: "Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında ənənəvi rəqiblərimiz Avropa oyunlarında iştirak etməyən amerikalılar və çinlilər olacaqlar. Buna baxmayaraq, Bakıda keçirilən yarışlar çox maraqlı alındı və bütün dünyanın marağını cəlb etdi. İndi Avropa Oyunlarının statusunun yüksəldilməsi haqqında fikirləşmək lazımdır. Bunun üçün Avropa Olimpiya Komitəsi Avropa çempionatları turniri çərçivəsində yüngül atletika və üzgüçülük üzrə yarışların keçirilməsini razılaşdırmalıdır".
Rusiya prezidentinin köməkçisi, ROK-un vitse-prezidenti İqor Levitin isə Avropa oyunlarının 4 ildən bir keçirilən əsas turnirlərin bütün parametrləri ilə tam uyğun gəldiyini bildirib: "Bakı-2015"in Təşkilat Komitəsinin peşəkar işini qeyd etmək istəyirəm. Bu Təşkilat Komitəsinə Rusiya nümayəndələri də daxil idilər. Oyunların açılış və bağlanış mərasimi işıqlı və yaddaqalan alındı. Bakıda keçirilən yarışların səviyyəsini Olimpiya oyunları ilə bir sıraya qoymaq olar. 10 min nəfərə yaxın insanın ziyarət etdiyi Rusiya və Azərbaycan azarkeşlər Evi çox uğurlu layihə oldu. Azarkeşlər Evində hər gün qalib gəlmiş rusiyalı idmançıların şərəfinə mərasimlər keçirildi. Bundan başqa, azarkeşlər Evi vaxtı ilə SSRİ bayrağı altında mübarizə aparan azərbaycanlı və rusiyalı veteran idmançıların görüş yerinə çevrildi. Qeyd edim ki, prezident Vladimir Putin də I Avropa Oyunlarında idmançılarımızın çıxışına yüksək qiymət verib".
Avropa Oyunlarında Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov isə statistika ilə bağlı maraqlı məqamlara toxunub. Onun sözlərinə görə, Avropa Oyunlarında ən böyük nümayəndə heyəti məhz Rusiyadan olub: "Bizim nümayəndə heyətinə 609 nəfər daxil idi. Bunlardan 354 nəfər idmançılar idi. Avropa Oyunlarında 8 olimpiya çempionumuz iştirak edirdi. Bundan başqa turnirdə dünya və Avropa çempionu titulu daşıyan idmançılarımız mübarizə aparırdılar.
Bakıda qızıl medalı 117 idmançımız qazandı. 36 idmançımız gümüş medal, 54 idmançımız isə bürünc medalın sahibi oldu. Ümumi komanda hesabında qələbəyə ən böyük töhfəni Moskvadan olan idmançılar verdilər. Onların hesabında 58 medal oldu. İkinci yerdə Moskva vilayəti və Sankt-Peterburq idmançıları qərarlaşıblar. Üçüncü yeri isə Çelyabinskdən olan idmançılar tutur. Onların hesabında 13 medal var".
Teqlər: