Rusiyalı akademiki Naxçıvana gətirən qız

Rusiyalı akademiki Naxçıvana gətirən qız
  05 İyun 2013    Oxunub:2199
“Yeni Era” Dünya Rəssamlar Akademiyası yəqin ki, oxucularımızın əksəriyyəti üçün tanış bir qurum deyil. Elə bizimçün də yaxın zamanlara qədər belə idi. Ancaq həmyerlimiz, istedadlı rəssam Ülviyyə Həmzəyevanın dünyada məşhur olan bu yaradıcılıq akademiyasına həqiqi üzv seçilməsi bu qurumu naxçıvanlılara tanıtdı.
Akademiyanın yeni üzvünə - Ülviyyə Həmzəyevaya onun diplomunu və döş nişanını qurumun rəhbəri, Rusiya Humanitar Akadmiyasının üzvü, Rusiya Federasiyasının əməkdar rəssamı Anatoli Şilov şəxsən özü təqdim edib.
Təqdimetmə mərsimindən sonra rusiyalı qonaq öz təəsüratlarını bizimlə bölüşüb. 75 yaşlı akademik onu Rusiyadan Naxçıvana çəkib gətirən Ülviyyə Həmzəyevanın sənətindən, Naxçıvan rəssamlıq ənənələrində gördüyü maraqlı məqamlardan danışıb.

- Etiraf edim ki, mən akademiyamızın üzvlərinə diplomların təqdimatı üçün adətən heç yerə getmirəm. Əksinə, “Yeni Era”nın prezidenti kimi mənim qəbuluma, Moskvaya gəlirlər. Hətta bəzən günlərlə növbədə də dururlar. Ancaq Ülviyyə Həmzəyevaya diplom təqdimatına özüm şəxsən gəlmişəm. Çünki onun əsərlərilə internetdə tanış olarkən o qədər xoşuma gəldi ki, bu gənc rəssamı şəxsən görmək, onun əsərlərini yaxından seyr etmək, əl işlərinə toxunmaq istəyi yarandı məndə. Digər tərəfdən, onun “yaradıcılıq mətbəxi” ilə yaxından tanış olmaq marağı güc gəldi. Ətrafını, yaşadığı məkanı, dostlarını, qohumlarını görmək istədim. Çünki rəssamın yaradıcılığına bu amillər də çox təsir edir. Bura - Naxçıvana gələndə isə mənə sadəcə heyrətlənmək qaldı. Mənim üçün çox xoşdur ki, sizin şəhərdəyəm və akademiyanın mükafatını belə gənc rəssam xanıma təqdim edirəm. Biz ondan böyük ümüdlə yeni, maraqlı əsərlər yaradıcılıq maneraları gözləyirik. O, yeni əsərlərini Azərbaycan naminə yaradarsa , sözsüz ki, dünya səviyyəsində məşhur bir rəssam olacaq. Onun böyük gələcəyinə inanıram.



- Əsərlərdə diqqətinizi çəkən nə oldu?
- Bu əsərlər çox maraqlı və bənzərsizdir. Bizim akademiyanın 60 üzvü var. Onlardan 4-ü Azərbaycanın xalq rəssamıdır. Ülviyyə Həmzəyeva 5-ci azərbaycanlı, hələ ki, birinci naxçvanlıdır bizim sıralarımızda. Onun əsərlərindəki kolorit, mövzu mənim diqqətimi çəkdi. Mən özüm Çuvaşiyada anadan olmuşam və dünyanın bir çox yerlərində olmuşam. Türk dünyasını da yaxşı tanıyıram. Maraqlı burasıdır ki, bizim akaedmiyanın üzvlərinin çoxu türkdilli dövlətlərin rəssamlarıdır. Mən Ülviyyənin əsərlərində ümümtürk ruhunu hiss elədim. Ona görə maraqlı gəldi. Bura gələndən sonra isə baxdım ki, onun rəsmləri elə Azərbaycan xalqının, naxçıvanlıların yaşam tərzi, düşüncəsi və koloritidir. Etiraf edim ki, mənə doğma gəldi bu əsərlər.

-Anatoli Aleksandroviç , bu akademiyanın üzvü olmaq bizim rəssama nə verəçək?
- Ülviyyə Həmzəyeva bizim akademiyanın həqiqi üzvüdürsə, deməli, onun əsərlərini təşkil etdiyimiz sərgilərdə nümayiş etdirəcəyik. Bir də onu qeyd edim ki, Ülviyyə Həmzəyeva akademiyanın birbaşa həqiqi üzvü, daha dəqiqi, akademiki seçilən az sayda rəssamlardandır. Bizə əvvəlcə müraciət olunur, sonra rəyasət heyəti həmin rəssamın işlərinə baxır, rəy verir. Sonra o, üzvlüyə qəbul edilir. Bir müddət keçdikdən sonra həqiqi üzv seçilirlər. Hətta mənim özümün ərizəmi 6 dəfə geri qaytarıblar. Ancaq Ülviyyə Həmzəyeva birbaşa, hamının yekdil rəyi ilə rəssamlıq akademiyamızın həqiqi üzvü seçilib. Bununla qürür duymağına dəyər.
Sərgi salonlarımızın da coğrafiyası genişdir. Yaponiya, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin və s. Təsəvvür edin ki, dünyanın hər yerindən olan rəssamların əsərlərinin sırasında Naxçıvan təbiəti, koloriti də olacaq. Yeri gəlmişkən, Ülviyyənin əsərlərindəki rənglər elə Naxçıvanın dağlarının rəngidir.



- Deyəsən, Naxçıvanı xoşlamısınız?
- Əlbəttə, şəhərə söz ola bilməz. Rusiyadan çox uzaqda yerləşən bu şəhərdə olmaq mənim üçün çox maraqlıdır. Şəhər çox gözəl, yaşıldır. Məncə, ən sakit yerdir. Ümumiyyətlə, çox yaxşı şəhərdir. Mən ömür vəfa etsə, gələcəkdə də bura gəlmək fikrim var.

Səməd Canbaxşiyev
Naxçıvan


Teqlər:  





Xəbər lenti